"Tarixi seriallarda çəkilmək istəyirəm" - Tanınmış aktrisa

MƏDƏNİYYƏT
14:19 / 22.01.2025
63

"Karyeram ərzində bir çox fərqli obrazı canlandırmışam".

Bu sözləri tanınmış aktrisa Leyla Babayeva Hit.az-a açıqlamasında deyib.

O karyerası barədə danışıb:

"Mən hər təklif olunan obrazı oynamağı qəbul etmirəm. Sadəcə mənə uyğun və tamaşaçıları rola inandıracağım təklifləri dəyərləndirirəm. Düşünürəm ki, peşəkar aktrisa üçün ən doğru yanaşma da məhz budur. 

Üstəlik, bu strategiya ilə illər sonra belə insanların yaddaşında qalmaq mümkündür. Mən də ona görə karyeramı belə istiqamətləndirməyə çalışıram. Fikrimcə, bu, məndə uğurlu alınır".

Leyla Babayeva tarixi serialları çox sevdiyini söyləyib:

"Çünki orada həqiqətən yaşanmış həyatlar işıq üzü görür. Xəyal məhsulu deyil, əsl tarixi personajlar izləyici üçün də daha böyük marağa səbəb olur. Dünyaya da nəzərə salanda bunu görürük. 

Xüsusilə, qardaş Türkiyənin tarixi serial sektorunda necə inkişaf etdiyi göz qabağındadır. Hətta çox yüksək səviyyədə tarixi seriallar ərsəyə gətirirlər. Bunun məntiqi nəticəsidir ki, həmin serialları xarici ölkələrə də sata bilirlər".

Aktrisa tarixi seriallarda çəkilmək arzusundan bəhs edib:

"Son zamanlarda ölkəmizdə bu sahədə nələrinsə edildiyini görmək çox xoşdur. Bir yerdən başlamaq lazım idi. Mənə elə gəlir ki, bizdə olduqca maraqlı tarixi seriallar çəkilə bilər. 

Bunun üçün hər cür şərait var. Həmçinin, mən də yenidən ölkəmizdə çəkilən bir tarixi serialda rol almaq istəyərəm. Daha əvvəl "Aləmdə səsim var mənim" adlı filmdə baş rolda "Sara xanım"ı oynamışam. Yenə də tarixi obrazları canlandırmaq istəyirəm. 

Ən böyük arzularımdan biri hansısa tarixi şəxsiyyət obrazına həyat verməkdir. Ümid edirəm ki, bu arzumu da ən qısa müddətdə reallaşdırmaq nəsib olar".

Pərviz Şimşək

0