Leonardo da Vinçi və Pit Mondrianın əsərlərində təsvir etdikləri ağaclar budaqlanma naxışlarında riyaziyyatı gizlədirlər.
HİT.az-ın məlumatına görə,alimlər hesab edirlər ki, bəzi rəsm əsərlərində bu gizli riyaziyyat hətta insanların incəsənət əsərlərində ağacları tanıma qabiliyyətinin əsasını təşkil edə bilər.
"Independent" qəzetinin yazdığına görə, təbiətdə ağaclar "özünə bənzər" budaqlanma naxışına, yəni fraktala uyğun olaraq inkişaf edirlər. Bu naxışda eyni strukturlar gövdədən budağın ucuna qədər kiçilən miqyaslarda təkrarlanır.
Araşdırmada alimlər incəsənət əsərlərindəki ağac təsvirlərində budaqların qalınlığının miqyasını riyazi olaraq öyrəniblər. "Biz incəsənət əsərlərindəki ağacları özünə bənzər, fraktal formalar kimi təhlil edirik və incəsənəti biologiyada inkişaf etdirilmiş budaq qalınlığı nəzəriyyələri ilə empirik olaraq müqayisə edirik", deyə araşdırmaçılar izah edib.
Leonardo da Vinçi qeyd edib ki, ağac budaqları budaqlanma zamanı öz qalınlığını qoruyur. O, müxtəlif budaqların diametrləri arasındakı nisbəti müəyyən etmək üçün α parametrindən istifadə edirdi. O iddia edirdi ki, əgər budağın qalınlığı onun iki kiçik budağının ümumi qalınlığına bərabərdirsə, α parametri 2-yə bərabər olacaq.
Alimlər dünyanın müxtəlif yerlərindən olan incəsənət əsərlərindəki ağacları təhlil ediblər, o cümlədən Əhmədabaddakı XVI əsr Sidi Sayyəd məscidindəki ağacları, Edo dövrünə aid Yaponiya rəsm əsərlərini və XX əsr abstrakt incəsənətini araşdırıblar.
Onlar müəyyən edib ki, bu incəsənət əsərlərində α dəyəri 1,5 ilə 2,8 arasında dəyişir və bu da təbii ağaclarda bu dəyərin diapazonuna uyğundur.
"Biz α-nı 1,5 ilə 2,8 aralığında tapdıq ki, bu da təbii ağacların diapazonuna uyğundur", deyə alimlər qeyd edib.
"Fraktal ölçülər müxtəlif ağaclar və rəsm əsərlərində əhəmiyyətli dərəcədə fərqlənə bilər, lakin biz müəyyən etdik ki, müxtəlif mədəniyyətlərdə və zaman dövrlərində yaradılmış böyük incəsənət əsərləri üzrə tematik araşdırmalarda α-nın diapazonu real ağacların diapazonuna uyğundur", deyə onlar əldə edilən nəticə haqqında məlumat veriblər
Araşdırmaçılar bildiriblər ki, hətta Pit Mondrianın 1912-ci ildə çəkdiyi "Boz Ağac" kimi abstrakt rəsm əsərlərində, hansında ki, ağacabənzər rənglər vizual olaraq görünmür, realistik α dəyərindən istifadə etdikdə ağac kimi tanımaq mümkündür.
Samir