"Atam son anda dedi ki, mən çox xoşbəxt həyat yaşamışam”
Bunu Teleqraf-a haqq dünyasına qovuşan tanınmış filosof-kulturoloq Niyazi Mehdinin oğlu Toğrul Mehdi deyib.
Onun sözlərinə görə, atası yeddi ildir ki, dializ olunur:
"Atamın dializdən başqa ürək çatışmazlığı da var idi. İnsafla desək, həkimlər atamı sağaltmaq üçün çox çalışdılar. İki dəfə əməliyyat olundu, amma ürəyi dözmədi. İkinci əməliyyatdan sonra reanimasiyaya yerləşdirdilər və orada da vəfat etdi. Atamın sağalmaq ehtimalı yox idi, sadəcə vaxtını uzada bilərdik”.
Niyazi Mehdinin qardaşı Natiq Yusifov isə bildirib ki, həkimlər elə öncədən ümidli danışmırdılar.
.jpg)
"Həm şəkəri vardı, həm də dializ xəstəsi idi. Ona görə həkimlər çox ümidli danışmırdılar. Təəssüf ki, onu itirdik. Yazar adam idi, arzuları ancaq yazmaqla bağlı idi. Son vaxtlar evdə çox olurdu, amma bu, onun yazmağına əngəl deyildi".
N.Mehdi Mərkəzi Gömrük Xəstəxanasında açıq ürək əməliyyatı keçirib və reanimasiya şöbəsinə köçürülüb. Daha sonra vəziyyəti pisləşib və fevralın 27-dən 28-nə keçən gecə vəfat edib.
Qeyd edək ki, şəkər xəstəliyindən əziyyət çəkən N.Mehdi bir müddət öncə Mərkəzi Gömrük Xəstəxanasında əməliyyat olunmuşdu. O, fevralın 6-da evə buraxılmışdı.
Filosof, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi N.Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində anadan olub.
O, ədəbi fəaliyyətə 1970-ci illərdən başlayıb. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edib. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olub. Dövri mətbuatda müntəzəm çıxış edir. N.Mehdi Teleqraf İnformasiya Agentliyi ilə də uzun müddət əməkdaşlıq edib.
Allah rəhmət eləsin!