Bəzən cibimdə evə getməyə pulum olmayıb - Xalq artisti

MƏDƏNİYYƏT
15:38 / 29.05.2020
3071

Adətən, yazıçıların bir qəhrəmanı başqa adla, başqa əsərdə peyda olur. Biz bu obrazı görəndə yadımıza onu yaradan yazıçının, rejissorun əvvəlki əsərlərini, əvvəlki filmlərini xatırlayırıq. Hərdən adama elə gəlir ki, aktyor Hacı İsmayılov bütün filmlərində eyni obrazı canlandırır, dünyaya eyni gözlə baxır, bütün filmlərdə eyni adamdır: sadəlövh, fağır, mağmın. Ancaq bu eynilik təkrarçılıq deyil.

Xalq artisti özü bunu belə izah edir: “İstər-istəməz oynadığımız rolun təsiri altına düşürük, o obrazla yaşayırıq. Səhnədə, səhnədən kənarda, həyatda. Aktyorun xasiyyəti, görkəmi də bir qədər eynitipli rollara aparır. Mənə ən çox Mustafanın ruhu təsir göstərib.

Yadımdadır ki, “Ad günü” filminin ssenarisini mənə verəndə onu birnəfəsə oxudum və elə bil içimdə nəsə dəyişdi. Sanki Mustafanın ruhu mənim bədənimə köçdü. İnsanlara başqa cür baxmağa, onları başqa cür görməyə başladım. Sonrakı illərdə Mustafanın ruhu həyatda da, filmlərdə də mənimlə oldu. Mustafa kimi yaşamağa, hərəkət eləməyə çalışırdım. Əslində, mən o rolu oynamamışam, yaşamışam. Yaşadığıma görə rolla təbiətim eyniləşib. Amma Mustafa olduğu kimi qalmayıb, bir qədər dəyişib, onda başqa cəhətlər, naqisliklər əmələ gəlib. Əvvəl ancaq mülayim danışırdısa, indi etiraz edir, qışqırır.

Deyirlər ki, Mustafa tez aldanandı, yox, sadəcə təmizdir, səmimidir, ehtirama layiqdir. İnsanın insan olmaqdan başqa çarəsi yoxdur. Mən yaxşılığa doğru, işığa doğru getməyi üstün tutaram, nəinki qaranlığı, qapanmağı...”

Onu kinoya gətirən isə “başqa adam” dediyi rejissor Rasim Ocaqov olub: “Dublyaja getmişdik. Kinostudiyanın çayxanasında çay içəndə Rasim Ocaqov mənə yaxınlaşdı, dedi, gəl “Ad günü” filminə çəkim səni. Fikirləşdim ki, mən hara, kino hara? Amma bu dəvətlə də kinoya gəldim. 1977-ci ilin yanvar ayında o filmi göstərdilər.1980-ci ildə isə Dövlət Mükafatı aldı.

Rasim Ocaqov məni məndən yaxşı tanıyırdı, məəttəl qalırdım. Onun filmlərinə çəkildiyim şövqü, ləzzəti, yüksəkliyi digər filmlərdə hiss etməmişəm. O, öləndən sonra kinoda yetim qaldım elə bil...”

Hacı İsmayılov tənhalıqdan qaçan adamdır. Səbrlidir, ciddidir, illah da ki sənətdə. Alın yazısına inandığını deyir. Bu yaşına qədər sənət dava-şavasından, dedi-qodusundan qaçmağı bacarıb:

“Mənə rol verilməyibsə, deməli, məndə nəsə çatışmır. Başqaları bunu bunu ədavət kimi qiymətləndirsə də, mən sakitcə çatışmazlığımı, nöqsanlarımı aradan qaldırmaq üçün özümlə məşğul olmuşam. Papağını qabağıma qoyub fikirləşmişəm ki, məndə çatışmayan nədir? Heç vaxt bacardığımdan yuxarı atlanmamışam. Amma öz mövqeyimi başqasına verən deyiləm.

Mənim məqsədim öz işimlə məşğul olmaqdır. Küsməklə, qan-qaraçılıqla nəyə nail olacağam ki?

Teatr ailədir, evdir, Onun mətbəxi də var, yataq otağı da. Hər şeyi açıb ortalığa qoymaq olmaz. “Pis adam”, “yaxşı adam” deyib insanları kateqoriyaya bölüb xırda hisslərlə yaşamaq olmaz. Bir az böyük olmaq lazımdır”.

Ailənin böyüyü kimi də bu səbrini, təmkinini qoruya bilir. Böyüklə böyük, uşaqla uşaq olmağı bacarır: “Evdə adi insanam, hamı kimi... Ailədə ciddiliyim, sərtliyim yoxdu. Ən sevdiyim şey nəvələrimlə oynamaqdır. Nəvə sevinci nəsə başqa şeydi.

Ev işlərini bacarıram. Nəsə almaq lazımdırsa, alıram, etmək lazımdırsa, edirəm. Adam var, divara mismar vura bilmir. Mən elektrik işlərini bacarıram, lazım gəlsə, qapı-pəncərə də rəngləyirəm”.

Ancaq sənət çətinlikləri evində adi insan olan Hacı İsmayılovun da həyatından yan keçməyib. Onun da həyat hekayəsində soyuqda-şaxtada pulsuz-parasız küçələrdə qaldığı günlər yer alır: “Bəzən mənim cibimdə 3 qəpik pulum olmayıb ki, tramvaya minib evimə gedim. Yağışda, qarda piyada gedib çıxmışam.

O vaxtlar özümüzü oda-közə vurub ailəmizi dolandırırdıq. Dublyaja gedib 5-10 manat alırdıq. “Azdrama”ya gələndə məni “şumavik” götürmüşdülər. 40 manat maaş alırdım, sonra 85 manat oldu. Sadəcə, bir az səbr lazımdır”.

Sevinc Fədai

0
HİT.Az