Əlisəmid Kürün həyatından maraqlı faktlar

MƏDƏNİYYƏT
15:43 / 13.10.2025
44
Bu gün tanınmış şair Əlisəmid Kür vəfat edib.
 
HİT.az Kulis.az-a istinadən şairlə bağlı maraqlı faktları təqdim edir.
 
Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub.
 
***
 
1981-ci ildə isə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
 
 
***
 
Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.
 
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
 
***
 
1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib.
 
 
 
***
 
1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub.
 
Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc edilib. 20 il ərzində dünyanın bir çox şəhərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.
 
***
 
Qatarda bir nəfəri soyub döymək ittihamı ilə Xarkov məhkəməsi ona iki il altı ay həbs cəzası verib. Özünün dediyinə görə, hadisə sübuta yetirilməsə də, hökm çıxarılıb. Yazıçı bu dövrü faciə kimi deyil, ilham mənbəyi kimi xatırlayır. Ən yaxşı şeirlərinin çoxunu məhz Ukrayna həbsxanasında yazıb.
 
O vaxtlar o, "Qrono” yaradıcılıq birliyinin üzvü idi və həmkarları onu ziyarət etməyə gəlirdilər. Xarkovda yaşayan azərbaycanlılar da ona xüsusi hörmət bəsləyirdi. 1986-cı ilin sentyabrında azadlığa çıxanda şəhərin azərbaycanlı icması onu təmtəraqla yola salıb. Onların arasında sonradan məşhur futbolçu kimi tanınacaq Vəli Qasımov da vardı. Qasımov o vaxtlar "Metallist” klubunda oynayırdı.
 
Əlisəmid Kür Bakıya qayıdanda isə onu Nazim Hikmətdən də böyük coşqu ilə qarşılayıblar. Qısa müddətdə "Ulduz” və "Azərbaycan” jurnallarında əsərləri ard-arda dərc olunmağa başlayıb. O, SSRİ Yazıçılar İttifaqına kitabı olmadan qəbul edilən azsaylı yazıçılardan biri idi.
 
 
***
 
O, sonradan ikinci dəfə həbs olunub. Bir nəfərə fiziki xəsarət yetirdiyinə görə, ona iki il iş kəsirlər.
 
***
 
Müsahibələrindən birində AYB və Xalq yazıçısı Anarla münasibətləri haqqında deyib:
 
"Bu günlərdə Anar müəllimin yanına getmişdim. Dedim, məni təqaüd alanların siyahısına salın. Dedi, ikinci dəfə təqaüd verə bilmərik. Dedim, axı mənim ikinci dəfə təqaüd almağımdan heç kim şikayət eləməz. İki il ömrüm qalıb. 1500 manatlıq təqaüdə sala bilmirsiniz, heç olmasa, 300 manatlıq təqaüdə salın. Dedi, yox e, yox, sizə yardım edə bilərik. Mənə yardım lazım deyil, təqaüdə ehtiyacım var. Anar mənə dedi ki, hərdən məni sancırsan müsahibələrdə. Halbuki onun adını, ümumiyyətlə, çəkməmişəm. Görünür, tənqidlərimdən hərə öz payını götürür. Mən birinci təqaüd alanlardanam. Heydər Əliyevin vaxtında. İndi bunu bəhanə edib təqaüd vermirlər. Kim nə alır, nə qədər alır, kim kimə nə, nə qədər hörmət edir, hamısını bilirik. Bizi danışdırmasınlar. Hətta yazıçıya, şairə maddi dəstək olmağı bir tərəfə qoyduq, mənəvi dəstək də olmurlar. Əjdər Olun məhkəməsində niyə Yazıçılar Birliyindən bir nəfər yox idi? Ancaq mən orda idim."
 
***
 
O, 2000-ci ildə kriminal avtoritet Rövşən Lənkəranski ilə eyni həbsxanada olub. Dost olmasalar da, şair ona "Uzaq səfərə çıxıram" adlı şeir həsr edib. Sonradan həmin şeiri Lənkəranskinin dəfnində də oxuyublar. Həmin şeir Bayıl həbsxanasında əl-əl gəzirdi:
 
Mən piyada, söz də atlı
 
Ömür ötən bir daş altı
 
Daşdı üzənginin altı
 
Uzaq səfərə çıxıram...
 
 
***
 
Bir dəfə üç şair dostu onu həbsxanada görməyə gəlib. O vaxt ad gününə bir gün qalırdı. Dostları onu görüb təəccüblənmişdilər – üz-göz tərtəmiz, əynində krasovka, özü də ayrıca otaqda qalır.
 
Dostlarından biri gülümsəyərək deyib:
 
– Ay Əlisəmid, otur burda yaz da, biz yaza bilmirik.
 
O isə dərhal cavab verib:
 
– A kişi, bura türmədi e, "qastinsiya” deyil! Hər an bir hadisə ola bilər. Türmənin dəlisi var, anasının əmcəyini kəsəni var, min cür adamı var bu türmənin...
 
***
 
Şair həbsxananın dəlixanansında da olub:
 
"Hə... Həbsxananın dəlixanasında polislər girib otaqlarımızı "şimon” eləyirdilər ki, artıq nə tapsalar, götürsünlər. Qələmimi də götürdülər. Oraları ayağa qaldırdım ki, mənim qələmimi qaytarın! Təzə həkim gəlmişdi onda. Mənim dəli olub-olmadığımı yoxlamalı idi. Apardılar onun otağına. Onunla söhbət elədik. Qabağımdakı dəftər vərəqlərinin nə olduğunu soruşdu. Dedim, şeirlərimdir, istəyirsən, birini oxuyum. Dedi, oxu. Oxudum. Köynəyini çirməyib mənə qolunu göstərdi. Tükləri biz-biz olmuşdu. Qələmimi də, dəftərimi də qaytardılar mənə".
 
***
 
O, heç vaxt yaşadıqlarına görə peşman olmayıb:
 
"Yox! Yox! Yox! Mən peşman olmadığıma görə burdayam. 20 ildən sonra məni Afaq xanım (Afaq Məsud – red.) Tərcümə Mərkəzinə işə götürdü. Bu mənim iki il Tərcümə Mərkəzində halal işlədiyimə görə idi. Fikrimi başa düşdün? 20 ildən sonra həmin yerə təzədən işə qəbul olundum. İşsiz idim mən. Həyat da ədəbiyyatın içindədir, oğlum. Gözəl şairlərimiz var, ancaq öz taleyini yazan bir-iki nəfər varsa, onlardan biri Əlisəmid Kürdür".
 
***
 
Əlisəmid Kür 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu Xəstəxanası) 71 yaşında vəfat edib.
0