“Oğlum deyir ki, ay ana, nəyinə lazımdır...” – 92 yaşlı Ceyran Haşımovadan narazılıq

MƏDƏNİYYƏT
18:18 / 11.01.2026
75

“Qan təzyiqim yüksək, ürək təzyiqim isə aşağı olur. Əlim, ayağım buz kimi olur. Həkim deyir ki, çölə çıxmalıyam, hava almalıyam. Mənim isə buna halım yoxdur”.

Bunu Musavat.com-a 92 yaşlı Xalq artisti, tarzən Ceyran Haşımova deyib.

O bildirib ki, iki ildir bu xəstəlikdən əziyyət çəkir:

“Həkimlər bir çarə tapa bilmir. Yaş öz işini görür. İndi insanlar çox yaşaya bilmir. Belə havada çox yaşamaq olar? Nə qədər qasırğa olar?”

Tarzən deyib ki, televiziyalardan çağırsalar da, səhhəti ilə bağlı proqramlarda iştirak edə bilmir:

“Gəzəndə təngənəfəs oluram, ona görə də heç yerə gedə bilmirəm. Ancaq evdə hər işi görürəm. Yeməyimi qoyuram, qabımı yuyuram. İştaham da yerində. Bircə narahatlığım təzyiqdir. Bəzən əlim buz kimi soyuq olur. Halbuki evimiz istidir. Qan bədənimdə yaxşı dövran etmir. Oğlum, gəlinim, nəvələrim yanımdadırlar, sağ olsunlar, tək qoymurlar”.

Ceyran Haşımova orden almadığı üçün gileylənib:

“Sadəcə məni üzən budur ki, Azərbaycanda yeganə Xalq artisti qadın tarzən mənəm. Amma indiyə kimi “Şöhrət” ordeni almamışam. Mən çox gözlədim ki, əziyyətimə qiymət veriləcək, lakin bu olmadı. Nə edə bilərəm, gedib qapıları döyəsi deyiləm ki... İndi adları, ordenləri su kimi paylayırar. Bircə məni layiq görmədilər? Bu orden veriləndə əlimə pul gəlməyəcək, sadəcə olaraq yaşamaq üçün stimuldur. Prezident təqaüdü alıram, heç nəyə möhtac deyiləm.

25 il dərs demişəm, tələbələr yetişdirmişəm. Tələbələrim incəsənət xadimi, xalq artistidir. Mən nə qədər müğənni yetişdirmişəm. “Şöhrət” ordeni almaq üçün daha nə etməli idim ki...

“Lalə” qızlar ansamblı dünyanın hər yerini gəzdi, konsertlər verdi. Biz kəndlərdə palto əynimizdə konsert vermişik. Hava soyuq, mehmanxanalar qıt idi. Biz bu cür əziyyətlər çəkmişik. Mən həm tarzən, həm də müğənni yetişdirmişəm. Oğlum Rəşad Haşımov deyir ki, ay ana, nəyinə lazımdır... Amma bu, məndən asılı deyil, insan əziyyət çəkəndə umur”.

0