Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb.
Sənədə əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2026-2030-cu illərdə mövcud vəziyyətin təhlili əsasında tədbirlərin, tərəfdaşların, icraçıların və əməkdaşlıq modellərinin müəyyən edilməsini təmin etməlidir.
Bu məqsədlə kino sənayesində keyfiyyətə və milli-mənəvi dəyərlərə üstünlük verilməsinə əsaslanan yeni dövlət sifarişi sisteminin yaradılması təmin edilməli, maliyyələşdirmə mənbələrinin diversifikasiyası, rəqabətədavamlı dəyər zəncirlərinin formalaşdırılması həyata keçirilməlidir.
Qeyd edək ki, ekspertlər bu addımın Azərbaycanın kino sahəsinin inkişafına səbəb olacağını deyirlər. Həmçinin, bu həmlə tarixi addım kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov Hit.az-a açıqlama verib.

O bildirib ki, Azərbaycan mədəniyyətinin yaxın 10 illik də inkişafı ilə bağlı hazırlanan sənəd olduqca əhəmiyyətlidir:
"Konsepsiyada dil, mədəniyyət və sahəsinə toxunulub. Məlumdur ki, kino ilə bağlı müəyyən problemlər var. Həmin problemlərin həll olunması arzuolunandır. Konsepsiyada kinonun inkişafı ilə bağlı qeyd edilən məqamlar təqdirdəlayiqdir".
Mütəxəssis əlavə edib ki, bu sənəd olduqca unikaldır:
"Ümid edirəm ki, həmin məqamlar göz ardı edilməyəcək. Konsepsiyanın reallaşmasını və uğur qazanmasını arzu edirəm. Ümumilikdə isə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası Azərbaycan kinosunun inkişafı üçün unikal və tarixi sənəddir".
Sevinc

