Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva 74 yaşında vəfat edib.
HİT.az xəbər verir ki, bu haqda akyor İlham Əsədov məlumat yayıb.
Onun sözlərinə görə aktrisa yaxın saatlarda dünyasını dəyişib.
Qeyd edək ki, Babayeva Məsumə Mustafa qızı 23 sentyabr 1951-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbəlik illərindən səhnə fəaliyyətinə başlayan aktrisa 1972-ci ildən etibarən Gənc Tamaşaçılar Teatrında çalışıb və bu teatrın aparıcı simalarından biri olub. Səhnə fəaliyyəti dövründə 100-ə yaxın müxtəlif obraz yaradıb. “Qaraca qız”, “Aycan”, “Əlvida, Hindistan”, “Mənim nəğməkar bibim” kimi tamaşalardakı rolları ilə tamaşaçıların yaddaşında qalıb. Aktrisa həmçinin Azərbaycan Televiziyasının bir sıra televiziya tamaşalarında da çəkilib.
Məsumə Babayeva sənət fəaliyyətinə görə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı, Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı və “Tərəqqi” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin.


