Sənətşünas: "Azərbaycanda sistemli ssenari məktəbi formalaşmayıb"

MƏDƏNİYYƏT
12:29 / 19.02.2026
161

Bir zamanlar yaddaşlara həkk olunan filmlər yaradan Azərbaycan kinosu sanki indi kölgədə qalıb. 

Artıq ölkəmizdə əvvəlki kimi keyfiyyətli filmlər çəkilmir. Əksinə, son illərdə ərsəyə gətirilən kinolar sırf kommersiya məqsədi güdür. Xarici ekran işləri ilə müqayisədə yerli filmlər həm məzmun, həm də peşəkarlıq baxımından ürəkaçan deyil. 

Maraqlıdır, son illərdə ölkəmizdə nə üçün keyfiyyətli filmlər çəkilmir? 

Sənətşünas, Xpress.az saytının baş redaktoru Xəyalə Rəis Hit.az-a şərhində bildirib ki, Azərbaycan kinosu bir vaxtlar regionun ən güclü mədəni platformalarından biri idi:

"Faktiki olaraq, "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunan filmlər təkcə yerli auditoriya üçün deyil, bütün sovet məkanında maraq doğururdu. Bu ənənə peşəkar rejissorluq məktəbi, güclü dramaturgiya və texniki baza üzərində qurulmuşdu. Bu gün isə vəziyyət fərqlidir: hər il filmlər çəkilsə də, onların çoxu nə daxili bazarda uzunömürlü olur, nə də beynəlxalq mühitdə diqqət qazanır".

Sənətşünasın dediyinə görə, Azərbaycan kinosu faktiki olaraq dövlət sifarişindən asılıdır:

"Büdcə vəsaiti ayrılır, layihələr seçilir, film istehsal olunur. Lakin azad bazar mexanizmi formalaşmadığı üçün real rəqabət mühiti yaranmır. Bununla yanaşı, prodüser institutu zəifdir, özəl investor isə risk etmək istəmir. Dövlət maliyyəsi isə çox vaxt yaradıcılıq keyfiyyətinə deyil, formal hesabatlılığa xidmət edir. Şəffaf seçim mexanizminin olmaması da tənqid mövzusudur. Hansı layihənin hansı meyarla seçildiyi, xərclərin effektivliyi və nəticə göstəriciləri ictimaiyyətə açıq deyil. Nəticədə maliyyə mövcuddur, amma nəticə zəifdir".

Həmsöhbətimiz vurğulayıb ki, keyfiyyətli kino ilk növbədə güclü ssenaridir:

"Müasir Azərbaycan filmlərinin əksəriyyətində isə süjet xətti səthi, konflikt zəif, dialoqlar isə qeyri-təbii görünür. Halbuki ölkənin ədəbi potensialı kifayət qədər genişdir. Problem onun peşəkar adaptasiyasında və dramaturji işlənməsindədir. Azərbaycanda sistemli ssenari məktəbi formalaşmayıb, "script doctor" və inkişaf mərhələsi praktikası demək olar ki, tətbiq olunmur. Həmçinin, texnologiya inkişaf etdikcə kino da dəyişir. Lakin yerli filmlərin bir qismində görüntü, montaj, səs dizaynı və rəng korreksiyası baxımından ciddi çatışmazlıqlar müşahidə olunur. Bu, həm texniki bazanın köhnəlməsi, həm də peşəkar kadr çatışmazlığı ilə bağlıdır. Gənc mütəxəssislər ya sektora daxil ola bilmir, ya da xaricə üz tuturlar”.

X.Rəis qeyd edib ki, son illərdə daha çox komediya janrında filmlər istehsal olunur:

"Lakin onların əksəriyyəti bəsit yumor, televiziya şousu estetikası və stereotiplər üzərində qurulur. Qısa müddətli kassaya hesablanan bu layihələr uzunmüddətli kino mədəniyyəti yaratmır. Tamaşaçı isə keyfiyyətli alternativ tapmadığı üçün yerli istehsaldan uzaqlaşır. Eyni regionda yerləşən Gürcüstan müstəqil kino modeli quraraq Avropa festivallarında uğur qazanıb. Türkiyə isə həm kommersiya, həm də festival kinosunu paralel inkişaf etdirə bilib. Bu müqayisə göstərir ki, problem coğrafiyada deyil, yanaşmadadır".

Günel

0