Afət Fərmanqızıdan ŞOK AÇIQLAMA: “Efirlərə qadağanı mən qoymuşam”

MƏDƏNİYYƏT
17:30 / 04.03.2026
193

“Afətə qadağa qoyula bilməz, qadağanı Afət qoyur”.

Bu sözləri məşhur müğənni Afət Fərmanqızı Hit.az-a açıqlamasında deyib.

Sənətçi ona efir qadağası qoyulduğu iddialarını təkzib edib:
“Mənə kimsə qadağa qoymayıb, amma mən efirlərə qadağa qoymuşam. 4 ildir ailə qurub Rusiyaya köçmüşəm və efirlərə çıxmıram. Yəni qadağa olsa da, olmasa da, verilişlərə özüm getmirəm. Əslində, efirlərə qadağanı ötən ilin dekabr ayında mən özüm qoymuşam. Efirlərdə adımın çəkilməməsi və mahnılarımın verilməməsini tələb etmişdim. Amma təbii ki, bunu mənin adımdan istifadə edib, qalmaqal yaradıb, reytinq yığmaq istəyən aparıcılar üçün demişdim. Sağ olsunlar ki, məni xərcə salmadılar, vəkil tutmadım, məhkəməyə müraciət etmədim. Bu səbəbdən sizin vasitənizlə efirlərə təşəkkür edirəm”.

O, bəzi müğənnilərə efir qadağası qoyulması xəbərini sevinclə qarşıladığını etiraf edib:
“Bu xəbər qeyri-rəsmi olsa da məni çox sevindirdi. Çünki efirlərdəki səviyyəsizlikdən bezmişdik. Bəzi aparıcılar ailə dağıdan tərbiyəsizləri və üzdəniraqları efirlərə çıxarırlar. Üstəlik, reytinq yığmaq üçün onları mənə qarşı danışdıraraq insanları da aldadırlar. Efir mədəniyyəti olmayan şəxsləri “sənətkar” kimi verilişlərə çağıraraq nümunəvi qadın kimi göstərərək cəmiyyəti çaşdırırlar. Ona görə də bu xəbərə çox sevindim. Belə qərarı dəstəkləyirəm, halal olsun. Ümid edirəm ki, bu qadağa davamlı olar və bir neçə aydan sonra ləğv olunmaz”.

Afət Fərmanqızı efir qadağası alsa, verilişlərin “YouTube” kanallarını şikayət edəcəyini söyləyib:
“Telekanalların “YouTube” kanalları mənim müəllif hüququmu pozaraq mahnılarımdan pul qazanırlar. Belə vəziyyətdə onlar mənə qadağa qoya bilməz. Mən hörmət edib kanallarını şikayət etdirmirəm ki, pulların qazansınlar. Yəni mən hüququmu bilirəm. Mənim əlimdən hüququmu heç kim ala bilməz. Konstitusion hüququm icazə verir ki, onlar efir qadağası qoyarsa mən də onların “Youtube” kanallarını müəllif hüququ ilə “vurub”, qazancından edərəm. Ona görə də onlar mənə qadağa qoya bilməz. İndi hansısa hüququnu bilməyən müğənnilərə qadağa qoyurlar, yaxşı da edirlər. Heç olmasa o tipli savadsız, tərbiyəsiz və oxuya bilməyən müğənnilər efirə çıxmaz.

Əslində, səviyyəsiz verilişlər çağıranda getmirəm. Sadəcə səviyyəli proqramların dəvətini qəbul edirəm. Mən peşəkar həm musiqiçiyəm, müəlliməyəm, ziyalıyam, mənə qadağa yoxdur. Üstəlik, mən Azərbaycanda yaşamıram ki, qadağa da olsun. Orada yaşamayan müğənniyə necə efir qadağası qoyula bilər ki? Bu, məntiqsiz yanaşmadır. Buna baxmayaraq, efirlərlə maraqlanmışam və öyrənmişəm ki, mənimlə bağlı hər hansısa qadağa yoxdur. Əgər desəydilər ki, qadağadasan mən onların hamısının “Youtube” kanalını şikayət edib bağlatdırardım”. 

Həmsöhbətimiz efirlərə görə məhkəməlik olduğunu xatırladıb:
“Mənim məhkəmə məsələlərimin hamısını efir yaradıb. Kimlərisə çağırıb mənim haqqımda danışdırıb gündəm yaradırlar və bizi bir-birimizə düşmən etdilər. Səviyyəsiz küçə verilişlərinə görə nə qədər insan məhkəməlik olub. Ona görə də bu qadağaya müğənnilər arasında ən birinci mən sevinmişəm. Mənim öz efirim var. Hər axşam saat 22:00-da sosial şəbəkədə canlı yayım açıram, canlı mahnılar oxuyuram, izləyicilərimlə söhbət edirəm. Yəni sosial şəbəkələr mənə bəs edir”.

Pərviz 
 

0