"Böyük sənətkarı itirmişik. İstedad və şəxsiyyəti bir-birini tamamlayan adamdır. Cavan yaşında Rasimə o cür şöhrət gəldi. Nə ailəsində, nə dostlarına münasibətində dəyişmədi. Şöhrət çətin şeydir. Rasim bunu elə daşıdı ki...".
Bu sözləri Axşam.az-a açıqlamasında Xalq şairi Ramiz Rövşən deyib. Şair ötən gün 77 yaşında dünyasını dəyişən Xalq artisti Rasim Balayevlə bağlı xatirələrini bölüşüb:
"Məşhur olsa da, həmin Rasim olaraq qaldı. Ailəsində möhkəm idi. Ata, dost kimi böyük şəxsiyyət idi. Çox istedadlı adamlar var, yaxınlaşdıqca zədələri görürsən. Rasim bütöv bir şəxsiyyət idi. Rasimdə qüsur yox idi. Rasimdə olan yumor, zarafat nadir adamlarda var idi. O, gözəl komediya obrazları oynaya bilərdi. Rasim bu yerlərə dişi, dırnağı ilə gəlib çıxmışdı".


