Zaman-zaman Azərbaycanın adət və ənənələri haqqında yazılar yazırıq.
Bu dəfə kəlağayıdan bəhs edəcəyik. Əslində, kəlağayı sadəcə bir baş örtüyü deyil. O həm də Azərbaycan mədəniyyətinin incə zövqünü, qadın zərifliyini və qədim ənənələrin ruhunu özündə daşıyan nadir sənət nümunəsidir. Kəlağayı tarixən Azərbaycan qadınının həyatında sadəcə geyim elementi kimi deyil, dərin məna və dəyər daşıyan mədəni simvol kimi formalaşıb.
Bu örtük qadın üçün həm mənəvi dəyərlərə bağlılığın, həm ailə ənənələrinə hörmətin, həm də cəmiyyət içində mövqeyin ifadəsi sayılıb. İpəkdən hazırlanmış bu incə örtük əsrlər boyu həm gündəlik həyatda, həm də xüsusi mərasimlərdə qadınların ayrılmaz atributu olub. Kəlağayının hazırlanma prosesi özü belə ayrıca sənət əsəridir. Təbii ipəkdən toxunan parça xüsusi qəliblər vasitəsilə naxışlanır və bitki mənşəli boyalarla rənglənir.
Üstəlik, hər bir naxışın öz mənası var: bəzi ornamentlər sevgi və sədaqəti, digərləri isə bolluq və xoşbəxtliyi simvolizə edir. Bu baxımdan kəlağayı yalnız estetik deyil, həm də simvolik dəyərə malikdir. Ən maraqlı cəhətlərdən biri də kəlağayının qadınların həyatında bir növ “dil” rolunu oynamasıdır. Onun rəngi və bağlanma tərzi qadının yaşını, ailə vəziyyətini və hətta əhvalını ifadə edə bilərdi.
Məsələn, tünd rənglər daha çox yaşlı qadınlara xas olduğu halda, parlaq və rəngarəng kəlağayılar gənc qızların seçimi idi. Bu gün kəlağayı yalnız ənənəvi geyim elementi kimi deyil, həm də milli kimliyin simvolu kimi dəyərləndirilir. Müasir dizaynerlər onu yeni üslublarla təqdim edir, gündəlik modaya uyğunlaşdırır və beləliklə, qədim sənəti müasir dövrlə birləşdirirlər. Kəlağayı Azərbaycan qadınının zərifliyini, qürurunu və köklərə bağlılığını əks etdirən canlı bir irsdir. O, zaman keçdikcə dəyişsə də, öz ruhunu qoruyub saxlayır və gələcək nəsillərə ötürülür.
Birsözlə, kəlağayının gündəlik həyatda istifadə olunması təkcə bir ənənənin davamı anlamına gəlmir. Bu, milli kimliyə bağlılığın gücləndirilməsi, mədəni dəyərlərin qorunması və daha sağlam sosial mühitin formalaşdırılması baxımından dəyərlidir. Yəni kəlağayı əslində köklərimizi və milli varlığımızı unutmamaq deməkdir.
Günel Cəlilova


