Dünya miqyasında böyük uğur əldə etmiş, nüfuzlu mükafatlara layiq görülmüş və milyonlarla izləyici tərəfindən rəğbətlə qarşılanan cizgi filmləri Azərbaycanda da geniş auditoriyaya malikdir.
Uşaqlardan böyüklərə qədər fərqli yaş qrupları bu animasiya məhsullarını maraqla izləyir, onları gündəlik həyatlarının bir hissəsinə çevirirlər. Bütün bu marağa baxmayaraq, Azərbaycanda yerli cizgi filmlərinin istehsalı və yayımı olduqca məhdud səviyyədə qalır.
Maraqlıdır, ölkəmizdə nə üçün cizgi filmləri çəkilmir?
Bununla bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Hit.az-a açıqlamasında deyib ki, on illər vizual sənətlə bağlı baş verən proseslər Azərbaycana da öz təsirini göstərir:

“Məlumdur ki, keçmiş Sovet İttifaqında kinoya böyük dəyər verilirdi və bu sahəyə kifayət qədər vəsait ayrılırdı. SSRİ dağıldıqdan sonra isə daha çox kommersiya xarakterli filmlərin çəkilişinə üstünlük verilməyə başlandı. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, eləcə də Dövlət Televiziyasının nəzdində fəaliyyət göstərən bir çox studiyalarda da kommersiya yönümlü filmlər istehsal olunurdu.
Bu baxımdan, Azərbaycanda müxtəlif studiyalar cizgi filmləri istehsal etməyə başladılar. Onlar cizgi filmlərinin özünəməxsus estetikasına uyğun olaraq uşaqlar üçün müxtəlif animasiyalar hazırlayırdılar. Bu gün də həmin cizgi filmlərindən istifadə edərək uşaqlarımızın tərbiyəsinə təsir göstərməyə çalışırıq”.
Həmsöhbətimiz təəssüflə qeyd edib ki, SSRİ dağıldıqdan sonra klassik estetik tələblərə cavab verən studiyalar qalmayıb:
“Nəticədə cizgi filmi sahəsində müəyyən böhran müşahidə olunur. Düzdür, dövlət sifarişi ilə bir neçə cizgi filmi və serial çəkilib. Ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva da bu sahəyə dəstək göstərib. Azərbaycan bazarı və incəsənət mühiti hələ çoxsaylı cizgi filmlərinin istehsalına tam hazır deyil və bu sahədə yetərli bazar formalaşmayıb. Əsasən idxal olunan cizgi filmlərini övladlarımıza təqdim edirik. Lakin həmin animasiyalar bizim cəmiyyət üçün yad elementlər daşıyır. Buna görə də uşaqlar üçün yerli cizgi filmlərinin və animasiyaların hazırlanması zəruridir”.
Günel Cəlilova


