“Mənim mediam sosial şəbəkələrdir” – Pərvanə Talıbzadə ilə MÜSAHİBƏ

MƏDƏNİYYƏT
13:13 / 18.08.2026
249

“Röya Ayxanla duet oxumaq istəyirəm”.

Bu sözləri tanınmış müğənni Pərvanə Talıbzadə Hit.az-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

-    Pərvanə xanım, karyeranızda nə yeniliklər var?
-    Yeni mahnı üzərində çalışıram. İnşallah bu yaxınlarda yeni mahnımı təqdim edəcəyəm. Hazırda aranjıman işləri gedir. Mahnım “Sənə Yar” adlanacaq. Söz və musiqisi anonimdir. Kliplə birlikdə təqdim etməyi düşünürəm. Lakin klipsiz də təqdim edə bilərəm. Bu barədə hələ tam qərarımı verməmişəm. Ona görə klip olacağı təqdirdə, harada çəkiləcəyi və rejissorun kim olacağını bilmirəm.

-    Bəs yay tətilini harada keçirdiniz?
-    Yay tətilində xeyli dincəldim. Avropada bir çox ölkəyə getdim. İsveçrə, İtaliya və Fransaya səyahət etmə fürsətim oldu. Yəni yaxşıca istirahət etdim.

-    Hər zaman Xalq artisi Röya Ayxana olan bənzərliyinizlə diqqət çəkirsiniz. Onunla birlikdə duet oxumaq istəyərsinizmi?
-    Əlbəttə, Xalq artisti Röya Ayxanla duet oxumaq istəyərəm. Bizi səs və görünüş olaraq çox oxşadırlar. Düşünürəm ki, birlikdə mahnı oxumağımız da maraqlı alınar. Mən Röya xanımla köhnə mahnını duet etməyi deyil, yeni mahnı oxumağı çox istəyərəm. İnşallah bir gün alınar.

-    Duet demişkən, nə üçün uzun müddətdir Pərviz Bülbülə ilə yeni mahnınız yoxdur?
-    Çünki yeni duet üçün Pərviz Bülbülədən mənə təklif gəlməlidir. Ondan isə hələ bir xəbər yoxdur. Ona görə yeni duetimizin nə zaman olacağını mən də bilmirəm.

-    Maraqlıdır, sizi mediada nə üçün çox görmürük?
-    Əslində, mənim mediam sosial şəbəkələrdir. Xüsusilə “Instagram” və “TikTok”da çox aktivəm. Hər şeyi oralarda paylaşıram. Üstəlik, paylaşımların keşfetə düşür və kifayət qədər gündəm oluram. Ona görə də telekanallara çox getməyə ehtiyac duymuram.

-    Konsert planınız varmı?
-    Hazırda konsert planım yoxdur. Bəlkə gələcəkdə bu barədə düşünə bilərəm.

-    Bir çox müğənni film və ya seriala çəkilir. Sizə belə bir təklif gəlib?
-    Açığı, belə təklif almamışam. Əgər film və ya serial təklifi gəlsə dəyərləndirmək olar. Əsas odur ki, qonararı yaxşı olsun. O zaman özümü aktrisa kimi də sınaya bilərəm.

Pərviz Şimşək

0