Felyeton erasında muncuq oyunu

MƏDƏNİYYƏT
11:44 / 07.05.2020
2069

Məmməd Süleymanov

“Daxili mühacirət”də yazılmış böyük əsərlər var. Onları özlərini tənha sayan TƏKlər yazıb.

O vaxt ki, əbədi həqiqətlərlə məişət həqiqətləri bir-birinə dil göstərib diş qıcayır, dünya dəlilik tutmaları keçirir, “lənətlənmiş suallar” aktuallaşaraq təxirəsalınmaz cavablar tələb edir, öz gücsüzlüyündə qapanmış Yaradıcı təkcə ümidini yox, həm də inamını itirir, onda heç olmasa özünü xilas etməyə çalışan insan “daxili mühacirət”ə yollanır. Ki, heç olmasa cavab axtarmağa cəhdlər etsin.

Hər cavabın sualı var. Düzgün formalaşdırılan sual həllin böyük hissəsidir. Ancaq ən çətini də elə sualı tapmaqdır. Bunun üçün nadir xüsusiyyət - baxış aydınlığı lazımdır.

Alber Kamyu “Mənim bəlam ondadır ki, hər şeyi başa düşürəm” yazmışdı. Belə olanda cavab axtarmağa köklənmiş özünüanaliz yanğıya, imperativə çevrilir. Əks halda Yaradıcı elə Kamyunun əsərlərinin adındakı ardıcıllığı öz ömründə yaşamağa məhkumdur - “Yad” əvvəlcə “Qiyam edən insan”a çevrilir, sonunda isə “Enmə” baş verir. 

Bu həlqələrdən qurtulmaq üçün Sizif kimi qalmalısan. Yoxsa yol ya intihara, ya da obıvatel olmağa aparacaq.

Cavab axtaran Mark Avreli markomanlarla müharibə öncəsi Dunay sahilindəki çadırında “Mühakimələr”ini, Monten öz qəsrində “Təcrübələr”ini, Paskal isə Por-Royal monastırında əlinə keçən kağız parçalarına “Fikirlər”ini yazır. “Daxili mühacirət”də Toronun “Uolden”i, Sent-Ekzüperinin “Qəsr”i yaranır. 

Və o axtaran ağıllar heç də həmişə cəmiyyətdən izolə yolunu seçmirlər. Mark Avreli asket deyil - dünyanın ən qüdrətli imperiyasının başında dayanır. Monten diplomat və Bordonun meridir. Toro abolisionistdir. Sent-Ekzüperi nasizmə qarşı savaşır. Onları birləşdirən ümumi nöqtə isə fikir və ideallarının cəmiyyətlə həlsiz ziddiyyətdə olmasıdır. Elə bu da onları qələm götürməyə məcbur edir. Baxmayaraq ki, fərqindədirlər - Söz ilə cəmiyyəti dəyişə bilməyəcəklər. Ancaq bu, uzaq gələcəyə açılan cığır ola bilər.

Təkcəmi? Yox. 

Bu, həm də özünüxilas üsuludur. Əvvəl-axır, onların hər biri özünə, özünü və özü üçün yazır. Yaradıcıllığın mahiyyəti də elə budur.

Mark Avreli fərqiindədir - imperiya enişə gedir, çörək və tamaşa, qan və qladiator döyüşləri, şəhvət və sərvət - romalıların can atdıqlarının siyahısı budur. Üstəlik, yeni sekta - xristianlar imperiya üçün təhlükədir, onlar dünyəvilikdən həvəslə əl çəkir və arenalarda dirigözlü ölümə gedirlər. Mark Avreli sualları formalaşdırır, cavablar axtarır və bilir - bu, xilas yolu deyil. Köhnə dünya bitir (təsadüfi deyil ki, tarixçi Ernst Renan onun barəsiindəki kitabını “Mark Avreli və antik dünyanın sonu” adlandıracaqdı). Və bunu anlamaq ikiqat kədərlidir. Köhnə uduzmağa məhkumdur və filosof-imperator da öz dövrü ilə getməlidir.

Oxşar vəziyyətdə Mişel Montendir. Avropanı bürüyən müharibələr fonunda öz qəsrində oturub baş verənləri analiz etmək, heç nəyi dəyişməyəcək cavabları tapmaq. Ancaq bu, həm də Montenin ekzistensial xilasıdır.

Bu, həm də o haldır ki, kimlərsə insanlığın son qığılcımlarını da sönməyə qoymurlar. Nitsşe necə söyləyirdi? - “Mədəniyyət - közərmiş vulkanın üstündəki nazik alma qabığıdır”.

***

İndi isə başqa bir ssenarini təsəvvür edək: Onlar - Təklər - birləşirlər. Nəticədə nə alınır? Platonun idealı? Filosoflar dövləti?

Yox. Platonun mağarası.

Daha bir kədərli nəticə.

Bu ssenari də artıq nəzərdən keçirilib. German Hessenin “Muncuq oyunu”nda.

***

1942-ci ilin aprelinin son günündə Hesse sonuncu romanının son nöqtəsini qoyur. Onun “qocalığımın romanı” adlandırdığı “Muncuq oyunu” 11 ilə ərsəyə gəlir. Ara-sıra məktublarında şikayələnir də - elə günlər olur ki, cəmisi bir neçə cümlə yaza bilib.

O, əsərə başlayanda nasistlər sürətlə Olimpə dırmanırdı, bitirəndə isə hələ məğlubedilməz sayılırdılar. Hesse romanı faşizm əleyhinə yazdığını, “taunlu, zəhərlənmiş dünyada ruhu dirçəltməy”ə çalışdığını deyirdi.

Hesse intellektualları dövlət içində dövlətdə - Kastaliyada toplayır. Onlar ətraf aləmlə kontakta girmirlər. Ətraf aləmdə isə “felyeton dövrü”dür (indi bizdə olan feysbuk dövrünün oxşarı).

Nədir o dövrün xüsusiyyətləri? Sənaye Avropası mənəvi fəlakət içindədir. İstənilən fikir ehkam sayıla bilir (ah, postmodernizm). Oxu janrı - felyetondur (boşboğaz statuslar). Hər kəsin öz vurma cədvəli var (hər-şey-şünaslıq). Felyetonların mövzuları bu tiplidir: “Nitsşe və qadın dəbi”, “Məşhur kurtizanların həyatında ev itlərinin rolu”, “Bəstəkar Rossininin sevimli yeməkləri” və s. (eyni vəziyyətdəyik, fərq isə Nitsşe və Rossininin yerinə şou-şiz “ulduzları”nın adının yazılmasındadır). Mədəniyyəti mass-kult əvəzləyib. Klounlar iqtisadiyyatdan, jurnalistlər fəlsəfədən, siyasətçilər xəstəliklərdən danışır. Mətnlər əyləndirmək funksiyası daşıyır. Elm qeyri-ciddi sahəyə çevrilib.

İnsanlar felyeton dünyasına aludə olmaqla reallıqdan qaçırlar, axı “onlar siyasi, iqtisadi və mənəvi fəlakətlər qarşısında daimi qorxu hissi keçirirlər”. Və sivilizasiya praktik məhvolmanın kandarında dayananda intellektual elita cəmiyyətdən ayrılaraq özlərinin dövlətini yaradır. Bir sözlə, “fil sümüyündən qüllələr”ə çəkilir.

Onları cəmiyyət yox, elm və mədəniyyətin qorunması maraqlandırır. Burada biliklərini cilalayırlar, universal elm üzərində işləyirlər, muncuq oyunu oynayırlar.

Yozef Knext bu oyunda viruozdur, iyerarxiyada pillə-pillər irəliləyir, sonunda Magistr olur. Hesse sanki bütün sokratları, montenləri, paskalları bir yerə toplayıb. Bəs onlardan nə fayda?

Artıq əsərin adında ironiya var. İntellektual elita sivilizasiyanın məhvi ərəfəsində hansısa faydasız oyunla məşğuldur. Bəlkə də Hesse illər boyu xilas yolunu elə bu cür görürdü - dünyada nasizm, faşizm, militarizm tüğyan edir, hər yanda ölüm və qandır, insanlar felyeton erasının nümunəvi nümayəndələri kimi reallığa göz yumublar və indi bu reallıq dünyanı məhvə sürükləyir. Heç olmasa seçilmişlər öz Kastaliyasını yaradıb elmi də, mədəniyyəti də xilas etməlidirlər.

Bəs kimlər üçün, nəyin naminə? Bu “daxili mühacirət”ə çəkilənlərin xilas etdiyi dəyərlər kimə lazımdır?

Hesse daxili (və həm də xarici) mühacirətdə illərlə cavab axtarır. Sonunda Yozef Knexti cəmiyyətə qaytarır. Muncuq oyununun da, Kastaliyanın da faydasızlığını başa düşən Knext cəmiyyətə dönərək dostunun oğluna müəllimlik etmək qərarına gəlir. Ancaq çox tezliklə ölür - həqiqəti tapmaq üçün qiymət ödəmək lazımdır. Bu qiymət insan həyatıdır.

Yəni, “daxili mühacirət”də Böyük əsərlər yazan fərdlər birləşib özlərinin cəmiyyətdən kənarda dövlətlərini qursalar belə faydası yoxdur. Fayda cəmiyyətdə insanlarla olmaqda, felyetonlara başı qarışmış obıvatellərin arasında yaşamaqda, çarpışmaqda və savaşmaqdadır. 

“Fil sümüyündən qüllə”ni seçənlərin isə obıvateldən elə də köklü fərqi yoxdur - Hər ikisi reallıqdan qaçışdır.

Hessenin romanda yazdığı kimi: “Təhlükəsiz yola yalnız zəifləri yollayırlar”... 

0
Mənbə: Qaynarinfo.az