Firəngiz Mütəllimovanın sevgi etirafları: “İki dəfə ayrıldıq, təzədən barışdıq...” 

MƏDƏNİYYƏT
10:25 / 06.06.2020
4978

Mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva bu günlərdə ARB-dəki verilişlərin birində qonaq olarkən dünyasını dəyişən həyat yoldaşının Xalq artisti Firəngiz Mütəllimova ilə münasibətindən danışıb. O, Yaşarın Firəngizi sevdiyini etiraf edib: “Firəngiz xanımı sevirdi”.

Bu etiraf medianın diqqətini Firəngiz Mütəllimovaya yönəldib, onu “dilə-dişə salıb”...

HİT.Az Modern.az-a istinadla jurnalist Səfurə Çərkəzqızının Firəngiz Mütəllibovdan illər öncə aldığı müsahibəni təqdim edir.

Müsahibə ilk dəfədir internet mediada yayımlanır.

21 il öncə bu söhbət qələmə alınanda Firəngiz xanım evliydi, ikinci dəfə ailə qurmuşdu... Sonralar aktrisa boşandı...

***

Subaylığın günahkarı “Gülnar”mış.

- Sizcə, Firəngiz  Mütəllibovayla  sevgi söhbəti düzgün seçimdi? 

(Gülür)


- O sizin işinizdi…


- Özünüzə qalsa..?


Üzündəki zarafatyana ifadə yavaş-yavaş yoxa çıxır. Özü də o qədər ehmalca ki…güclə sezilir.

- Burda nə var ki? Sevgi insanın ən müqəddəs hissidi. O insan xoşbəxtdi ki, sevməyi bacarır. İnsan var, ölüb gedir, amma bilmir ki, məhəbbət nədi, sevmək nədi…


- Siz nə vaxt bilmisiz bunu?


- Deyim də… Beş-altı il olar.


- Beş-altı il?


- Həə (Gülür) , orta yaşlarımda. Bu, əsl sevgidi. Həm ağılla, həm hislə, duyğuyla.  Bitkin bir sevgi…


- Kimdi o bəxtəvər?


- Yoldaşımdı da. İndiyə kimi qarşıma çıxanlardan fərqli olaraq, mərdi-mərdanəliyi, cəsarəti, dedi-qoduya əhəmiyyət verməməyi ilə xoşuma gəldi. Elə bildim, arxamda dağ dayanıb. Ona rast gələnə kimi həmişə özümü tənha bilmişəm.  Atam rəhmətə gedəndə  başımı sinəsinə qoyub hönkürə biləcəyim bir adama ehtiyac duyurdum. İndi həmin adam yoldaşımdı. 


- Yoldaşınız  nəylə məşğul olur?


- Bizneslə.  Burdaydı- yanımda, təzə gedib.


- Siz ayrılmamışdız ki?


- Yox! Arada özüm qəzetlərə-zada qəsdən elə deyirdim. Küsmüşdüm ondan…


- Niyə?


- İstəyirəm bura-həmişəlik yanıma gəlsin.


- Harda yaşayır?


- Dubayda da, İngiltərədə də. Hərdən də İrana gedir, atasını, anasını görməyə. Həm İngiltərənin, həm də İranın vətəndaşıdı.


- Necə tanış olmusuz?


- Bakıda, təsadüfən. Bacımın yoldaşıyla birlikdə bizneslə məşğuluydu. Düzünü desəm, o vaxtlar türkiyəli oğlanla təzə ayrılmışdım. Xariciləri görməyə gözüm yoxuydu.


- Türkiyəli oğlan kimiydi?


- Adı Cəfəriydi. Həkim işləyirdi. Düz iki ilə kimi münasibətimiz olub. Hələ də çoxu elə bilir ki, ərim həmin adamdı. Özü də sənətimin vurğunuydu.


- Bəs niyə ayrıldız?


- Burda yaşayan qohumları aramıza girdilər. Başqa səbəblər də vardı, qabağıma şərtlər qoydu.


- Nəydi şərtləri?


- Deyirdi, Türkiyədə yaşayaq. İldə bir dəfə Azərbaycana gəlməyimə icazə verirdi. Bircə dəfə də ailəm mənim yanıma gələ bilərdi. Razılaşmadım. Amma ayrılanda mehriban dost kimi ayrıldıq. İki il bundan qabaq rəfiqəm təsadüfən onunla rastlaşıb. Açıb töküb məktubları (biz o vaxt məktublaşırdıq) hönkür-hönkür ağlayıb. Amma mən Türkiyədə olanda onun işlədiyi xəstəxananın yanından yüz dəfə o yana, bu yana keçirdim. Heç ağlıma da gəlmirdi ki, zəng eləyim, görüşüm. Əvvəl-əvvəl bacısıyla danışırdım. Sonra tamamilə unutdum.


- Deyirsiz, yəni ona sevginiz olmayıb?


- Əlbəttə, bu da bir hissiydi, amma sevgi deyildi. Mən onunla tam birləşməmişdim ki, o hissi axıra kimi yaşayım. Ona hörmət eləyirdim, ülvi bir insan kimi baxırdım.  Ondan zəng gözləyirdim, məktub gözləyirdim.

Amma yoldaşım, bir az pis çıxmasın, elə bilirəm, doğma balamdı.


- Bayaq tanış olmağınızdan danışırdız, yarımçıq qaldı…


- Həə, o adam bacımgildəydi. Mən də biş-düşdə bacıma kömək eləməyə getmişdim. Baxdım ki, Hacı Ağa Həccə gedib gəlib.  Hacı Ağa deyəndə çoxu elə bilir, qoca kişidi. Məndən bircə yaş böyükdü. Həə, məni görən kimi başladı ki, Nazan xanım-filan… Dedim ki, sizə bir kasetimi bağışlayaram.  İki gündən sonra getməliydi. Biz də Almaniyaya qastrola yola düşürdük. Səhərisi gün kaseti verəndə hamının yanında dedi ki, kaseti yox, sənin özünü istəyirəm.  Təsəvvür eləyin də, o boyda ağır zərbə, ayrılığımızdan heç  on gün keçməyib… Amma o vaxtlar çox sakitiydim, elə bilirdim ki, kimsə mənim həyatıma yol gəlir. Ürəyimə dammışdı elə bil.


- Hacı Ağaya nə cavab verdiz?


- Dedim, məni 15 gün gözlə, gedirəm qastrola.  Minskidən zəng vurdum ki, nooldu, Hacı getdi, ya yox? Dedilər burdadı. Qəribə gəldi mənə. Qastroldan qayıdan kimi evdə oturub ərizəmi yazdım ki, işdən çıxıram.  Sonra da ona qoşulub getdim.


- Tanımaza-bilməzə?


- Həə.


- Böyük riskdi.


- Nə ola-ola, gözümü yumub getdim.


- Hər halda, yəqin, ilk düşüncələriniz  sizə nəsə demişdi…  


- Əlbəttə, ürəyimdə əminliyim vardı. Həm də həyatımda hələ bu cür adama rast gəlməmişdim axı. Mərdi-mərdanə, kişi kimi. Məndən ona o qədər söz demişdilər  ki! Heç birinə baxmadı. Amma o birisi bir söz eşidəndə saatlarla müzakirə eləyirdi. Bu adamsa dedi ki, mənə qədərki həyatın məni maraqlandırmır, bundan sonra heç nə olmasın. Hər şeyi başa düşürdü.  Mən ona 19-20 yaşında ərə getmirdim ki...


- Bir yerdə nə qədər yaşadız?


- İki il, altı ay. Sonra iki dəfə ayrıldıq, təzədən barışdıq. Ən axırda qəti qərara gəldim ki, Azərbaycana dönüm. Doqquz aya kimi bir-birimizi görmədik. Dedim, vəkillə gəlib boşanacam, qoymadı. Onda mən də şərt kəsdim: sənətə qayıdıram.


- Bunu sizə qadağan eləmişdi?


-Həə. Mənimçün çox çətiniydi, özümü lazımsız adam hesab eləyirdim. Hər axşam yuxumda teatrı görürdüm. Bakıya gələndə ondan xəbərsiz  qaçıb teatrdakılarla görüşürdüm. İş yoldaşlarım  zəng eləyəndə “adboy” verirdi. Deyirdi, iş qurtardı, yoldaşlar da qurtardı.


- Bəs indi ondan ayrı qalmağınıza necə dözür?


- İndi tamam dəyişib. Ona başa saldım ki, teatr bizim ikinci ailəmizdi. Ailədə artıq-əskik nə ola bilər? Elə bilirəm, Yaşar qardaşımdı, Telman da eləcə.


- Yaşar dediz, o vaxtkı söz-söhbətlər yadıma düşdü…


- Həə, yaman uydurmuşdular. (Gülür) Yaşar mənim sənət idealımıydı.  Ağlıma gəlməzdi ki, onunla belə bir tamaşada oynaya bilərəm. Elə bilirəm, onun balası mənim balamdı. Yoldaşıyla da danışanda çox vaxt zarafat eləyirəm, deyirəm, uşağın biri sənindi, biri mənim. Xanımı çox gözəl insandı. Həmişə mənə deyib ki, qoy nə qədər danışırlar, danışsınlar, sən işində ol. Sevgi insanın ancaq özünə aiddi. Sevgini milyonların qarşısına çıxarmaq olar? Özü də mən bu rolu oynayanda heç sevginin nə olduğunu bilmirdim.


- Neçə yaşınız vardı ki?


- İyirmi bir.


- O vaxta qədər heç kəsi sevmədiyinizə inanmaq çətindi.


- Sevməmişdim də…


- Heç ötəri hislər də olmamışdı?


- O heç, o, sevgi deyil ki. Məsələn, müəllimini sevirsən, ya sinif yoldaşın sənə məktub yazır-bunlar boş  şeylərdi. Bir şey ki yavaş-yavaş unudulur, bu, sevgi ola bilməz! Amma məni sevən çox olub, aktrisalığıma,  adıma görə. Yoldaşımsa məni qadın kimi sevib. Xörəklərimi bəyənib, özümü bəyənib. Xəstələnəndə qayğılanıb.

…Bilirsiz, Gülnar rolundan sonra elə bil insanlardan ayrıldım. Hamı mənə əlçatmaz bir insan kimi baxdı. Mən də  hamıdan qorxmağa başladım. Bəlkə də, o vaxt mənimlə camaat arasında belə bir uçurum yaranmasaydı, çoxdan Azərbaycanda ailə qurardım. Heç kəs qabağa durmağa cəsarət eləmədi. Anamın yaxşı bir sözü vardı: hürən çoxdu, tutan yox. Həyatım beləcə keçdi, getdi…Şöhrət çox şey verdiyi kimi, çox şeyi də alır. Eh, yeşiklərlə məktub yığıb saxlamışdım. Hər gün teatra gələndə 10-15 məktub alırdım. Çoxusunu heç oxumurdum. Özüm də məktub yazmağı xoşlayıram, hərdən yoldaşıma yazıram, darıxanda,  elə-belə…

Gülnardan sonra yaman məşhurlaşdım. Nə bilərdim  ki, o rol belə bomba kimi partlayacaq. Atam deyirdi ki, gör haa, dünənə qədər deyirdilər, Bəhər müəllimin qızı Firəngiz, tamaşadan sonra oldu Firəngizin atası Bəhər müəllim. Nəysə…

1999-cu il.

 ***

REDAKSİYADAN: Firəngiz Bəhər Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonu, Üzeyirli kəndində andan olub.

1976-80-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1980-ci ildə Akademik Milli Dram Teatrına aktrisa kimi işə götürülüb.

Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq kinolara çəkilib, televiziya tamaşalarında iştirak edib.

Üç illik fasilədən sonra 1996-cı ildən aktrisa yenidən Akademik teatrın truppasına qəbul olunub. Bu teatrda müxtəlif rollar oynayıb.

O, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış 20-dən çox teletamaşada da müxtəlif səpkili rollar ifa edib. Onlardan  Gülnar («Səni axtarıram», «Bağışla», «Səndən xəbərsiz»), Mərcan («Evləri köndələn yar»), Ana və qız, Nazan («Unutmaq olmur», «Yad qızı»), Almaz («Topal Teymur»), Almaz («Göz həkimi»), Günay («Səninlə və sənsiz») xüsusi qeyd etmək olar.

Aktrisa «Azərbaycanfilm» kinostudiyasında istehsal edilmiş «Qaçaq Nəbi» (Sərvinaz), «Qocalar, qocalar» (Leyli), «Bəyin oğurlanması» (Telli), «İşarəli dənizdən gözlə» (Sona), bədii filmlərinə, «Mənim ağ şəhərim», (Ana), «Şərəf»(Mila xanım) filmlərinə çəkilib.

Firəngiz Bəhər qızı Mütəllimova 1986-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2002-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub, Prezident fərdi təqaüdçüsüdür.

0