Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunmuş “Şollerin arxivi” bədii filmi daha bir beynəlxalq uğura imza atıb. Belə ki, film “2020 Hollywood Blood Horror festivalında sertifikata layiq görülüb.
Hollywood Blood Horror Festivalı LA International onlayn film festivaldır. Uğur qazanmış filminin reklamı festivalın sosial media səhifəsində nümayiş olunur.
Bu barədə Hit.Az-a “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
Bildirib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.
Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.
Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.
“Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada daha geniş tanıtmaq üçün filmlər çəkdik və istəyimizə də nail oluruq”.
Çəkdiyim filmlər dünya film bazarında Vimeo, Amazon, ABŞ, İngiltərə, UDU Digital, Hollivud prodüserləri ilə əlaqə məkanı olan iPitch.tv-nin 18 film platformalarında yerləşdirilib. Dünya mediasında barələrində geniş məlumatlar yazılıb. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza istehsal etmişik”, - C.Qasımov deyib