Bir neçə gün əvvəl Amerikanın dünyaca məşhur ədəbi tənqid jurnallarından biri olan "Kirkus Book Reviews"da yazıçı Rövşən Abdullaoğlunun ˝Relslər üzərinə uzanmış adam˝ romanı ilə bağlı resenziya dərc edilib.
1933-cü ildən Nyu-Yorkda fəaliyyət göstərən bu jurnalın ədəbiyyat aləmində böyük çəkisi var. Jurnal hər il ingilis dilində 7000-7500 kitabın dəyərləndirilməsini edir. Eyni zamanda mükafat fondu ən böyük olan ədəbi mükafatlardan birinin təsisçisidir. "Kirkus Book Reviews"dan alınan müsbət rəy əsərin ədəbi dəyərinin göstəricisidir, kitabın Amerika və Avropa ölkələrində satışına, beynəlxalq nəşriyyatlar tərəfindən çap edilməsinə ciddi təsir edir.
Yaçının köməkçisi Şöhlət İxtiyaroğlu Bizimyol.info-ya bu gözəl xəbərlə bağlı bunları söyləyib:
"˝Relslər üzərinə uzanmış adam˝ romanını onlara göndərəndə bildirmişdilər ki, rəy həm müsbət, həm də mənfi ola bilər, sərt tənqidlə də üzləşmək mümkündür, hətta buna görə rəyin jurnalda dərc edilib-edilməməsində seçim haqqını müəllifə verirlər.
Dünyada ədəbiyyat sahəsində söz sahibi olan bir qurumun kitab haqqında bircə irad belə bildirmədən yüksək fikir yazması həqiqətən qürurverici hadisə oldu."
“Dünyanın ən sərt tənqidçisi” nüfuzunu qazanmış “Kirkus Revyus” 1933-cü ildən fəaliyyət göstərir və ildə 8000-ə qədər kitaba resenziya yazır. “Kirkus” rəyləri ədəbiyyat sahəsində böyük bilik bazası və sənətkarlığı ilə seçilən etibarlı və nüfuzlu tənqidçilər tərəfindən yazılır. Bu xidmət sayəsində “Kirkus” müəlliflərə kitabları haqda mötəbər və qərəzsiz mütəxəssis rəyi əldə etmək imkanı yaradır. Bizdə belə bir fəaliyyət növü mövcud olmasa da, bu yanaşma dünyada çoxdan məşhurdur, naşir və həmçinin oxucular da kitab seçimi edərkən ilk növbədə bu sahədə “Kirkus” kimi söz sahibi olan şirkətlərin rəylərini əsas götürürlər. Kitab bir neçə müstəvidə təhlil edilir, məzmun, üslub, verdiyi mesajlar barədə fikir söylənilir, hətta tərcümənin keyfiyyətinə də münasibət bildirilir. Kitabınızı rəy almaq üçün “Kirkus”a təqdim edərkən müvafiq ödənişi etməzdən öncə bilməli olduğunuz ən önəmli şey: şirkət əsərin, ümumi də olsa, müsbət rəy alacağına heç bir şəkildə təminat vermir; mənfi rəy aldığınız təqdirdə edə biləcəyiniz tək şey rəyin “Kirkus” tərəfindən yayımlanmasına icazə verməməkdir. İcazə verdiyiniz təqdirdə kitabınız haqqında rəy “Kirkus”un öz media portalında və əməkdaşlıq etdiyi bəzi nüfuzlu portallarda dərc edilir. “Kirkus Revyus” həm də ən böyük mükafat fondu olan (50.000USD) ədəbi mükafatlardan birinin təsisçisidir. Hər il təqdim edilmiş kitablar arasında üç nominasiyada (bədii, bədii olmayan və gənc ədəbiyyatı) qalib seçilərək mükafat verilir.
"Kirkus Book Reviews"un mütəxəssisləri azərbaycanlı yazarın əsəri barədə aşağıdakı kimi rəy verib:
˝Azərbaycanlı yazıçı Abdullaoğlu Balkan müharibəsinin ən ağır məqamlarından bəzilərini dəqiqliklə qabardaraq ağır məşəqqətlər yaşanmış bu yerin ən qaranlıq zamanlarındakı çətinlikləri və nüansları məharətlə təsvir etməklə təqdirəlayiq bir iş ortaya qoyur. Əsərin süjeti inandırıcıdır, fəlsəfi baxımdan da mövzu aktual və həyati önəmli mesaj daşıyır. Bu romanda çox hadisələr baş verir, bütün əhvalatlar bir-birinə calanaraq çənbəri tamamlasa da, təhkiyənin əsas hissəsini Faruqun hekayəsi təşkil edir. Bəzi səhnələrdə nəsihətedici notlar hiss olunur, lakin sevginin ən çətin sınaqlar qarşısında məğlubedilməzliyi mövzusu həqiqidir. Bir sözlə, müharibənin dağıdıcı qüvvəsi və sevgiyə olan ehtiyac haqqında sürükləyici, düşündürən hekayə˝.
Müasir dövrümüzün ən istedadlı və məhsuldar yazıçılarından olan Rövşən Abdullaoğlunun bu uğuru əslində Azərbaycanın uğurudur. Rövşən Abdullaoğlunu təbrik edir və yeni-yeni yaradıcılıq sevincləri arzulayırıq.
İlhamə Rəsulova