Əzimə Ağalarovanın "Bakıdan Qahirəyə və Stokholma uzanan yol" romanında insanlıq fəlsəfəsi
Görkəmli azərbaycanlı yazıçı Əzimə Ağalarovanın Bakıdan Qahirəyə və Stokholma uzanan yol romanı dünya çapında yüksək səviyyəli müasir bədii ədəbiyyat əsəridir.
Əsərin süjetinin özəyini saf eşq, sonsuz və qarşılıqlı sevgi oluşdursa da, onun əsas mövzusu insanın sosial varlıq olaraq bir siyasi sistemdə yetişməsi və insanlıqla siyasətin qarşıdurmasıdır. Əsərdə bir neçə dərin mövzulara toxunulur və hər bir mövzu sevgi qonusu ilə sınanır.
İsveç hersoqunun, yəni Isveçin ən yüksək mövqeli ailəsindən olan, mötəbər bir şəxsin, Azərbaycan qadınına olan sevgisindən, böyük eşgindən bəhs edən bu romanda iki vəfalı və sədaqətli insanın taleyini təsvir etməklə, yazar bizi çeşidli coğrafi bölgələrə götürur, çeşidli kültürlərdən, cəmiyyətlərdən və önəmli tarixi hadisələrdən bilgi verir. Həyatını sevdası uğrunda tərəddüd etmədən riskə atan iki şəxsin həyatından söhbət getsədə, romanın əsas mövsusu tarixi hadisələrin və siyasətin insanın dünya görüşünün formalaşmasında olan rolunu və vətəndaşın öz kimliyindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq həm özəl həm də məslək həyatında siyasi sistemin əsiri olmasını göstərməkdir! Mənə görə, əsərin baş qəhramanı Dilarə Allahverdiyevanın - Sovet dövründə Bakıda doğulub boya-başa çatmış bir Azərbaycan qadının - həyatını nümunə gətirməklə əsərin mövzusu yüzminlərlə Azərbaycan insanının, Azərbaycan xalqının acınacaqlı taleyini və Sovet rejiminin necə fəlakətlərə mail olduğunu tün çılpaqlığı ilə göstərməkdir. Əzimə Ağalarova bu fəlakətləri bəzən ciddi faktlarla və real hadisələrlə, bəzən də məqsədə nail olmaq üçün fiktiv səhnələr və obrazlar yaratmaqla ustalıqla və hər tərəfli nümayiş etdirir.
Əzimə xanım Azərbaycan xalqını qədim tarixə, mədəniyyətə və qədim sivilizasiyaya sahib olan bir xalq kimi göstərir. Əsərin onlarla çox önəmli məqamlarından ən önəmlisi Azərbaycan qadınını yüksək əxlaqa və yüksək mənəviyyata malik bir şəxs kimi və dünyanın hər yerində heyran olunacaq bir qadın obrazı ilə sevdirir. Əsərin baş qəhramanı Dilarə Allaverdiyeva dünya çapında ünlü mühəndis, İsveçli iş adamı Jozef Hugoson ilə Misirdə SSRİ-nin səfirliyində çalışdığı zaman tanış olur. İlk baxışdan və ilk söhbətdən Dilarəyə aşiq olan hersoq bu xəbərdən şokə olmuş ata və anasına deyir ki, ”Dilarə başqa qadınlara bənzəmir. O, çox yüksək əxlaqa sahib qızdır. O, çox savadlı, intellektli qızdır, həm də çox gözəldir”.
Əsər rusların xislətini aydın göstərir. Romanda KGB (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) məmurlarının simasında bütün Sovet sistemini ifşa edən məqamlar çeşidli hadisələrlə verilir. 22 yaşında gənc qız Aybəniz Şərqşünaslıq fakültəsini yenicə bitirmiş, ərəb dili mütəxəssisi işləmək arzusu ilə çoşquludur. O, karyera etmək istəyir və Xarici İşlər Nazirliyinə işə qəbul olmaq üçün ərizə verir. Moskvada KGB məmurları onun özünə sormadan belə adını dəyişirlər (adını Dilarə Allahverdiyeva yazırlar) və Misirə agent göndərirlər. Dilarəni xarici şirkətlərin sirlərini öyrənməyə vadar edirlər, o cümlədən İsveçli Jozefin ixtirasını, məxfi sənədləri, su altı gəmilərin çertyojlarını, hərbi bazaların yerinə aid sənədləri oğurlayıb və ya kopyalayıb onlara verməyə məcbur edirlər. “Bu çertyojları ələ keçirmək rusların özlərinin maraq dairəsində idi, çünki texnikada ruslar bir az da olsa Avropaya nisbətən zəif idilər. Onlar da harada güclü texnika görürdülərsə, onun çertyojunu ələ keçirmək istəyirdilər. Hətta, bəziləri KQB-ni xarici ölkələrdə “texnika axtaran kəşfiyyat” adlandırırdılar, amma nə dərəcədə düzgündü, bunu bir kimsə bilməzdi. İngilis, fransız və İsrail hökumətinin Yaxın Şərqdə yerləşdirdikləri gizli hərbi bazalarının yerini öyrənmək Misiri qorumaq üçün ruslara lazım idi. Ona görə də ruslar Misir üçün çox əhəmiyyətli idilər” deyən yazar rusların xislətini romanın gedişatı boyunca dəfələrlə göstərir. Yazar bunu ayrı-ayrı tarixi dövləri qapsayan çeşidli cərayanlanda göstərir. KGB məmuru Viktor Vasilyeviç Jozefin ixtirasını, su altı qayıqların cizgilərini oğurlamaq istədiyi yetməzmiş kimi, arsız-arsız bunu ondan tələb edir, onu təhdid edir, onu və Dilarəni takib edir və işgəncələrə məruz qoyur. Polkovnik Viktor Vasilyeviç Josefin yaxasından tutub ona bağıraraq “Mən sizi parçalayıb Nilin sularına ataram, deyin görüm Dilarə hardadır?” deyir. Deyir də parçalayır da. Bu iki insanın və onların qızının həyatı param parça olur. 39 il Dilarənin başına gəlməyən faciə qalmır. Hələ Stokholmda yaşayarkən KGB məmurları ona göz dağı vermək üçün onun iki yaşlı qızını qaçırırlar. Özünə KGB zindanında elə işgəncələr verirlər ki, Dilarə zindandan çıxandan sonra da ömür boyu özünə gələ bilmir. Azərbaycana döndükdən sonra da “KQB-nin qorxusundan bir qohum-əqrəba onunla əlaqə saxlamırdı. Nə etsin yazıqlar, qorxurdular ki, KQB onları da əlli-ayaqlı yoxa çıxarar”.
İnsanlıqla siyasətin qarşı-qarşıya qoyulması. Ayrılıq acısı ilə yaşayan, evlad həsrəti ilə qovrulan yaşlanmış Dilarə tez-tez düşüncələrnə dalır. “Başına gələn müsibətlər onun günahıdırmı, yoxsa taleyidirmi? Deyirlər, insanın taleyi alnına yazılır. Doğrudan da bu alın yazısıdırmı?”. Bu suala cavab axtaran yazarın toxunduğu mövzulardan ən qabarığı insanlıqla siyasətin qarşı-qarşıya qoyulmasıdır. Dilarəni KGB zorakılığından qurtarıb Misirdən çıxarmaq niyyətilə Misirin prezidenti Əbdül Nasir Camaldan kömək istəmək üçün görüşən hersoq Jozef “Bağışlayın məni, bir eşq macərası üçün mən qətiyyən o dövlətdən kömək istəmərəm” cavabını alır. Misir prezidenti Jozefi həmçinin həm Misir həm də eyni zamanda Qərbi Avropa ölkələri ilə əməkdaşlıq etməsinə görə təngid edir. Josef isə ona “Cənab prezident, mən siyasətçi deyiləm və sizin üçün sualtı gəmilər hazırlayıram. Mən nə sizin üçün işləyirəm, nə də onlar üçün. Mən sadəcə işimi görürəm. Bilirsiniz, Misirlə mənim sahib olduğum şirkət bir müqavilə bağlayıblar. Bizim missiyamız bitdiyi an buranı tərk edəcəyik. Mən öz işimə hörmət qoyan bir adamam. Mən sizə hazırladığım sualtı gə¬mi¬lərin çertyojunu bir kimsəyə vermərəm, eləcə də məndə olan bəzi məxfi sənədləri də sizə vermərəm. O zaman mən özümə və işimə hörmət etmirəm demək, mən isə bunu əsla qəbul etmərəm. O ki qaldı mənə kömək edib-etməməyinizə, yenə də sağ olun. Mən sizin məni başa düşəcəyinizi hesab etmişdim, amma doğru söyləyirsiniz, sizin hərbçi olmağınızı unutmuşam. Sizin tək amalınız vətəninizdir, anlayıram cənab prezident” deyir. Bununla da yazar həm də məslək əxlaqı, professionallıq ilə siyasət aspektini qarşı-qarşıya qoyur.
Bəzi məqamlar yazarın hayal ürünü olsa belə bunlar onun hayat və yaşam fəlsəfəsini gözəl göstərir. Bəli, hersoqun sevgisi Əbdül Nasir Camalın alqıladığı kimi “eşq məcarası” deyildir. Onunla Dilarənin eşgi saf və əbədi eşqdir. Hər iki baş qəhraman öz eşgi uğruna maddi və mənəvi hər şeyi qurban veməyə hazırdılar, və doğurdandan ömür boyu qurbanlar verirlər. Biri İsveçli zadəgan və dünya çapında ünlü iş adamı, ailəsinə qarşı çıxır, hətta öz hersoq titulundan vaz keçməyə hazırdır. O, ağır trafik qəzasında hafizəsini qayb edir, hər şeyi unudur - təkçə sevdiyi qadının adından başqa. Hafizə qaybından əziyyət çəkən, həyatdan əlini üzmüş hersoqu həyata yenidən qaytaran da sevdiyi qadının səsini eşitmək olur. O biri də mərd və təmiz Azərbaycan qadını. Həyatda hər zaman gec də olsa mükafatımız almırıq, ancaq bu əsərdə bu iki insan həyatının sonunda ödülünü alırlar, yəni qızlarının sayəsində Sovet İttifaqı dağılandan 15 il sonra bir-birlərinə qovuşurlar. Həm özləri huzur tapırlar, həm də onlara nə vaxtsa yaxşılıq etmiş saf insanlara yaxşlıq edirlər, mənəviyyatı gözəl olan insanların mutlu olmasına səbəb olurlar. Bu da mənim düşüncəmə görə özü -özlüyündə insanlıq fəlsəfəsidir. Onlar özləri min bir zülmə məruz qalsalar da başqaların həyatına işıq ola bilirlər.
Rasism. Əslində romanın toxunduğu mövzular çoxdur. Onlardan biri üç nəslin nümayəndələrini müqayisə etdikdə aydın görünən yaşlı nəsil İsveçlilərin irqçı olmasıdır. Bu aspekti yazar bəzən üstü-örtülü, bəzən isə açıq-aydın və cəsarətli göstərir.
Susmaq! Mənə görə bu məqam əsərdə yer alan və üzərində dayanıb dartışılacaq olan aspektdir. Bəlkə də Dilarə vaxtında ailəsini, İsveçi tərk edib KGB- nin təhdidlərinə yenilmək əvəzinə dərdini həyat yoldaşına söyləseydi, onlar birlikdə çözüm tapardılar və bir ömür boyu ayrılıq və fiziki və psixoloji işgəncələrə məruz qalmazdılar. Həyatda insanın həyatında elə bir an baş verir, susuruq və həyat göstərir ki, susmamalı idik. Hər nə olursa olsun insan ilişgidə və ailədə güman etmək əvəzinə doğruyu söyləməlidir və birlikdə hərəkət etməlidir.
Özəl həyata müdaxilə. Əsərin baş qəhramanlarının həyatına iki insan müdaxilə edir, yəni izin almadan onların adına qərar verirlər. Josefin yaşlı atası, parlamentin üzvü, kibirli hersoq Jonatan oğluna yalan söyləyir və deyir ki, Dilarə yeni ailə qurub və bir qızı da var. Bunu duyan hersoq Josef Dilarənin həyatında artıq öz yerini görmədiyindən ondan əlini üzür və onu axtarmaqdan vaz keçir. Artıq yaşlanmış, ağır xəstəlikdən, həsrətdən və tənhalıqdan əziyyət çəkən Dilarənin qonşusu gənc qız Leyla isə onu qızı ilə qovuşdurmaq üçün, ondan qorxaraq gizlicə onun qızı Jozefina ilə görüşür. Leyla Dilarə xanımın yaşlı vaxtında ona qızı kimi baxan yetim bir qızdır, ağıllıdır və yücə könüllüdür. Bu iki müdaxiləçinin biri sosial mövqe baxımından güclü, digəri isə zəifdir. Biri onları ayırmaq üçün yalan söyləyir, o biri isə onları qovuşdurmaq üçün. Bu ziddiyyətlə də yazar yenə öz insanlıq və həyat fəlsəfəsini ortaya qoyur.
Səadət Kərimi