Karantində fəhləlik edən teatr direktoru

MƏDƏNİYYƏT
14:35 / 01.07.2020
2783

Ümüd Abbas: "Maddi çətinliklər başlayanda, sənət qalır ikinci, üçüncü, hətta dördüncü planda”

Koronavirus hər sahəyə olduğu kimi, incəsənətə də təsirsiz ötüşmür. Bu günlərdə təsadüfən gənc rejissor, "Cosmo" Teatrının təsisçisi Ümüd Abbasla rastlaşdıq. Qabar-qabar olmuş əllərini görüb, ona "olmaya karantin günlərindən yararlanıb villa tikirsən?" deyə yarızarafat sual da ünvanladım. Sən demə, rejissor karatin gülərində fəhləliklə məşğul olurmuş. Teatrdan aldığı maaşın heç bir həftəsinə yetmədiyini və ailə saxlamaq məcburiyyətində qaldığını deyən Ümüd Abbasla söhbətimiz uzun çəkdi. Rejissorun haqqında danışdığı ümumi mənzərə isə teatrımızın bu gününü əks etdirirdi. Onun dedikləri acı da olsa, həqiqət idi. - Niyə fəhləlik edirsiniz, teatrdan aldığınız qonorarla dolanmaq mümkün deyil? - Bəli, bu gün fəhlə işləyirəm və bundan da utanmıram. Çünki hazırki vəziyyət bunu tələb edir. Əvvəllər də az-çox fəhləlik etmişəm və bu sahədə kifayət qədər təcrübəm var. İndi vəziyyət bunu tələb edir. Ölkənin ən çətin günlərində sıxılan, əziyyət çəkənlər elə sənət adamları olur. Onlar bütün həyatlarını sənətə həsr edirlər deyə, əllərindən başqa bir iş gəlmir. Bundan öncə də fəhlə kimi təcrübəm olduğu üçün işləməyə məcbur qaldım. Bu fəhləlik məsələsinə qalanda, beton, toz-torpaq mənim üçün yad deyil. İncəsənət incə ruh, dərin düşüncə tərzi tələb etsə də, fəhləlik bunun tam əksidir. Mən fəhlə işi ilə məşğul olanlara xor baxmıram. Bu da bir sənətdir, ancaq öz işimlə məşğul olmağı hər şeydən üstün tutardım. Bundan öncəki müsahibəmdə qeyd etmişdim ki, göy qurşağını görüb incəsənətə gəlmişəm. Ancaq mən teatrda çalışdıqdca, nə o göyqurşağını gördüm, nə də o göyü. Bu sənətə arzulayaraq gəldiyim, əsas deviz hesab elədiyim o göyqurşağını görə bilmədim. Hazırda çalışdığım palçıq və beton məni öz dibinə çəkməyə başlayır. Çünki şərait bunu tələb edir, mənim başqa çıxış yolum yoxdur. Halbuki, bu sənətə nə arzular və nə xəyallarla gəlmişdim. Rejissorlar, aktyorlar ancaq mütaliə və müşahidə ilə məşğul olmalıdır. Özünü işə sərf etdikdən sonra sənin alternativ bir işlə məşğul olmaq hüququn və haqqın yoxdur. Amma belə anlarda əlindən gələni etməyə məcbursan.
- Bəs əlindən heç nə gəlmirsə? - Əlindən heç nə gəlmirsə, məcbursan fəhləlik edəsən. Nəyəsə nail olmaq üçün fəhləlikdən başlamaq heç də pis bir şey deyil. İnanmıram ki, düyanın hansısa ölkəsində aktyor, rejissor bizim vəziyyətimizdə olsun. Mütləq onun elə bir büdcəsi var ki, belə məqamlarda onu xilas edir. Amma bizdə bu hallar yoxdur. Bu büdcəni yaradacaq gəlir də olmayıb. Zatən o yaşda da deyiləm ki, deyim, bu sənət üçün illərimi vermişəm. Hətta sizə deyim ki, bu gün ömrünü, həyatını bu sənətə qurban verən sənətkarların, yaşlı aktyor və rejissorların da belə büdcəsi yoxdur. Çünki gəlirləri ancaq gündəliklərinə bəs edir. Bildiyimə görə, müəyyən aktyorlar var ki, nəinki karantin dövründə, hətta teatrların işlədiyi vaxtlarda belə ailələrini saxlaya bilmələri üçün alternativ işlərdə işləməyə məcbur olublar. Biri taksi sürücüsü, biri tamadalıq edirdi, hətta satıcı kimi çalışanlar da var idi. Bir yerə qədər düşünürsən ki, karantindir, keçəri bir şeydir. Amma inanın ki keçmir. Bir müddətdən sonra çıxılmaz vəziyyətdə olduğunun fərqinə varırsan. Mən gəncəm, bəlkə də bunu deməyə haqqım yoxdur. Amma illərin rejissoru da belə düşünürsə, onda əlbəttə ki, o da teatra bu qədər can yandırmayacaq. Lazımi qədər əziyyət çəkməyəcək və lazımi qədər oxumayacaq, teatra vaxt ayırmayacaq. Bütün işlərini yola verməyə çalışacaq. Mən əgər teatrdan aldığım maaşla ailəmi saxlaya bilmirəmsə, niyə orda çalışmalıyam? Mən teatrı sevirəmsə, teatr da məni sevsin. Nə vaxta qədər fədailik edəcəyik? Burda pafoslu çıxış etməyin yeri yoxdur. Biz əgər teatrda çalışırqsa, bu sənəti sevib gəlmişik. Amma bu vəziyyətin nə zamansa düzələcəyinə ümidimiz də var idi.
- Sizcə, niyə bu gün rejissor, aktyor belə çətin dönəmlərdə başqa bir işə yaramır, məhz fəhləlik edir? - Əvvəl düşünürdüm ki, karantin bir-iki ay davam edəcək, sonra biz öz işimizlə məşğul olacağıq. Yəni burda çox da böyüdəcək bir şey yoxdur. Evimdə oturub kitablarımı oxuyacam, karantindən sonra quracağım tamaşaların planını hazırlayacam. Hətta düşünürdüm ki, bu günlərdə beynimdə, kağız üzərində tamaşalar quracam. Ancaq zaman keçdikcə gördüm ki, karantin bitmək bilmir, mənim isə gəlirə ehtiyacım var. Bütün bunları, planlarımı bir kənara qoyub, fəhlə işləməyə məcbur qaldım. Fəhlə işlədiyim müddətdə necə yaradıcı işlə məşğul ola bilərəm? Sonra məndən necə yaradıcı bir iş tələb edə bilərlər? Başa düşürəm ki, teatrda tam dolanmağa çıxmamışam. Amma heç olmasa qidalanmalıyam, ya yox? - Belə məqamlarda incəsənət insanının düşdüyü ruh halı necə olur? - İncəsənət insanları yaradıcı olurlar. Onların əsas məhsulu beyinləri olur. Bu ideyanı məhv etmək isə çox asandır. Açığını desəm, karantin olmasaydı, maddi maraq güdmək haqqında düşünməzdim. Ancaq ailə də dolanmalıdır. Maddi çətinliklər başlayanda, sənət qalır ikinci, üçüncü, hətta dörüdüncü planda. O zaman insanın gözünə heç bir sənət görünmür. Bu gün incəsənət nümayəndələrimizin durumu budursa, ondan danışmağa dəyməz. Əgər bir ölkənin rejissoru karantində yaranan boş vaxtdan istifadə edib, evdə öz işləri üzərində işləmək əvəzinə, gedib fəhlə işləyib, evinə 5-3 manat pul gətirmək üçün çabalayırsa, siz deyin, o incəsənətdən danışmağa dəyərmi?

Xəyalə Rəis

0
Kaspi.az