Rusiyada yaşayan yəhudi əsilli iş adamı Qod Nisanovun Koronavirus pandemiyası dövründə Azərbaycana hədiyyə etdiyi 10 təcili yardım avtomobilindən 1-i Qubanın payına düşdü.
Bu gün həmin avtomobil Quba rayon mərkəzi xəstəxanasına təhvil verilib.
Təqdimat mərasimində Quba rayon İH başçısının müavini Səidə Abasova, rayon mərkəzi xəstəxanasının və əsasən dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə icra nümayəndəliyinin və bələdiyyəsinin rəsmiləri iştirak ediblər.
Karantin rejiminin qaydalarına uyğun keçirilən mərasimdə Azərbaycana çətin gündə yardım əli uzadan Qod Nisanova Azərbaycan Prezidenti İlham Əliyevin və xalqın yanında olduğu üçün minnətdarlıq edilib. Azərbaycana gətirilən 10 təcili yardım avtomobilinin TƏBİB-in maddi -texniki bazaının gücləndirilməsinə müsbət təsir etdiyi vurğulanıb.