Dövlət araşdırır, onlar da cəzasını alacaq - Aqil Abbas 

SİYASƏT
13:50 / 29.07.2020
1398

Bir müddət əvvəl ölkədə 5 icra başçısının həbsi, davam edən DTX əməliyyatları, ifşa edilən korrupsiya əməlləri bir sıra məmurları təşvişə salıb. Dövlət rəsmiləri, millət vəkilləri də tez-tez bu həbslərin davam etdiriləcəyi, DTX-nın “qara maskalı” əməkdaşlarının başqa qapıları da döyəcəyi mesajını verməkdədilər. 

HİT.Az xəbər verir ki, növbəti belə əməliyyat Zərdab Rayon İcra Hakimiyyətində baş tutdu. Belə ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının əməliyyatı nəticəsində İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov, İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi Rahim Xəlilov, həmin kəndin hazırkı Bələdiyyə sədri Sahib Xəlilov saxlanılıb.  

Bəs görəsən, Azərbaycanda hansı rayon, sahə və ya qurumda belə islahatlara, təmizlənməyə ehtiyac var? Korrupsiyayla mübarizə aparanlar daha kimin qapısını döyməlidir?

Aqil Abbas HİT.Az-a açıqlamasında bildirib ki, hər bir qurumda, təşkilatda mütləq kimsə əyri yollara əl atır və onlar da zaman-zaman öz cəzalarını alırlar: "Son gün Zərdabda bir icra nümayəndəsini, bir bələdiyyə sədrini tutublar. Yəni, göründüyü kimi, dövlət araşdırır, prokurorluq işləyir. Kimin iş yerində korrupsiya, rüşvət halları baş verirsə, əvvəl-axır onlar cəzasını alacaq. Hazırda hansı sahədə bu hallar var, onu mən dəqiq deyə bilmərəm". 

 

Günay Şahmarqızı

 

 

0