Azərbaycan və Türkiyə orduları Naxçıvandan başlayaraq birgə hərbi təlimlər keçirməyə başlayıblar. Bu məqsədlə Tükiyənin 11000-lik hərbi gücü Muxtar Respublikada yerləşdirilib.
Bu xəbər ölkəmizdə böyük sevinclə qarşılandı – bu möhtəşəm hadisənin şahidi olmaq istəyən azərbaycanlılar Naxçıvan, Bakı, Kürdəmir, Yevlax və Gəncədə Türk ordusunu qarşılaya bilərlər!
Müstəqillik dövründə Rusiya - Ermənistan cütlüyü tərəfindən torpaqlarımızın işğalı və bizim Rusiya - Ermənistan cütlüyünə qarşı psixoloji həssaslığımızı nəzərə alsaq, bu sevindirici xəbərin bizə həm də milli kimlik baxımından çox əhəmiyyətli olduğunu xüsusi vurğulamalıyıq.
İstənilən halda Türkiyə hərbi qüvvələrinin türksoylu ölkələrlə hərbi əməkdaşlığı və hətta bu ölkələrdə hərbi baza yerləşdirməsi həm də o deməkdir ki, sovet imperiyasının işğalından yenicə azad olunmuş postsovet məkanında NATO-nun hərbi qüvvələri təlim keçir. NATO demişkən, son dövrlər türksoylu ölkələrin zirvə toplantılarında bir çox məsələlərlə bağlı mühüm addımlar atılır - bu hərbi təlimlər yaxın zaman ərzində NATO formatlı bir türk ölkələri arası hərbi təşkilatın meydana çıxmasına da zəmin yarada bilər.
Nəzərə alaq ki, son dövrlər Türkiyənin başqa ölkələrdə hərbi baza qurulması istiqamətində gördüyü işlər regionda marağı olan hər bir dövlətin diqqətindədir. Milli müdafiə sənayesinin tədricən milliləşməsi və silahların daha çox yerli istehsalata aid olması Türkiyənin qoluna güc verdi. Təxminən son illərdə 12 ölkədə hərbi baza yerləşdirən Türkiyə bu baxımdan diqqət çəkir. Düzdür, bu hərbi bazalarla bağlı fikrlər birmənalı deyil. Örnəyin Sudan və Somalidə qurulan hərbi bazalar milli müdafiə baxımından uğurlu hesab olunsa da, Körfəz ölkələri ilə münasibətlərə mənfi təsir etməyə bilməz. Son dövrlərdə Liviya və Suriyada keçirdiyi hərbi əməliyyatlar həm də Türkiyənin üstün hərbi gücünün nümayişi idi. Hərbi gücə malik dövlət isə həm də iqtisadi gücə sahib olmalıdır. Məsələ yalnız silah istehsalı ilə bitmir. Hərbi gücü saxlamaq üçün, xüsusən də, ölkə xaricində dövlət büdcəsindən kifayət qədər vəsait xərclənir ki, bu da hər dövlətin öhdəsindən gələcəyi məsələ deyil. Bəs Türkiyə iqtisadiyyatı bu gün hansı vəziyyətdədir və bir çox ölkədə və bölgədə hərbi baza yerləşdirməsi uzunömürlü ola bilərmi? Bu halda dövlət büdcəsinə daha çox güc düşəcək ki, bu da ölkə əhalisinin güzəranından izsiz keçməyəcək. Sirr deyil ki, Türkiyə iqtisadiyyatı bu ağır zərbədən əzilə bilər. Əgər bu məsələyə pandemiya zamanı meydana gəlmiş zərəri də əlavə etsək məlum olur ki, vəziyyətlə bağlı proqnoz heç də ürəkaçan deyil...
Qardaş ölkənin bütün hərbi uğurlarının fonunda həm də iqtisadi gücə sahib olması şərtdir. Başqa halda Türkiyə uzun zaman hərbi üstünlüyünü qoruyub saxlamaqda əziyyət çəkə bilər. Amma alternativ yollar da var. Demək olar ki, bütün türksoylu xalqların yerləşdiyi torpaqlar neft, qaz, pambıq, qızıl kimi strateji məhsul və təbii sərvətlərlə zəngindir. Türkiyə iqtisadiyyatı isə təbii sərvətlərə deyil, sənaye və turizmə söykənir. Bu bir tərəfdən müsbət olsa da, digər tərəfdən bütün türksoylu dövlətlərə lazım olan nəhəng hərbi gücü saxlamaq üçün, əlbəttə ki, yetərli deyil.
Məntiqi nəticə olaraq deyə bilərik ki, rusu öz torpaqlarında görmək istəməyən türk xalqları həm də birgə iqtisadi əməkdaşlığı dərinləşdirməlidirlər. Qısacası Türk "NATO"- nun qurulması üçün ümumi maliyyə mənbəsinin olması vacib şərtdir. Bütün tərəfləri təmin edəcək şərtlər qəbul olunarsa, türk hərbi birliyinin yaranması da sözdə deyil, işdə olar.
Bu birliyi görmək torpaqların işğaldan azad olmasını, Qarabağı və güclü Azərbaycanı görməkdir.
Və ən nəhayət, görmək istədiyimiz yol - Türkiyə Əsgərindən Ümumtürk Əsgərinə aparan yoldur!