Pandemiya baş verməsəydi, dünyada, o cümlədən ölkəmizdə əvvəlki normal həyat davam etsəydi, heç şübhəsiz ki, 2019-cu ildən başlayan struktur və kadr islahatlarının həm miqyası, həm əhatə dairəsi, həm tərkib elementləri, həm də əhalinin idarəetmə sisteminə cəlbinin baş verməsinin reallıqları ayrı olardı.
HİT.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc ölkə başçısının kadr islahatlarında gəncləşdirmə siyasətinə münasibət bildirərkən deyib.
“Prezident yeni təyin olunanları bağlı qapılar arxasında qəbul etmir”
Z.Oruc bildirib ki, hazırda fövqəladə şəraitdə yeni qərarların verilməsinin şahidi oluruq:
“Üstəlik iyulun 12-də Qərb bölgəsində Ermənistanın növbəti təcavüz aktı və bunun dövlət sərhədində baş verməsi, ölkənin birinci şəxsinin ənənəvi qərarlardan daha fərqli istiqamətlərdə düşünməyə, qüvvəsini, enerjisini gündəlik planlaşdırma və addımlarını o sahəyə yönəltməyə məcbur edir. Prezident öz əməlilə sübut edir ki, seçdiyi xətdə prinsipialdır, güzəştsizdir və geridönməzdir.
2015-ci ilə qədər bir çoxları hesab edirdi ki, İlham Əliyev komandasına münasibətdə, hətta müxtəlif qanunsuz əməllər törədən şəxslərə qarşı daha dözümlü, daha humanist yanaşmaqdadır. O həqiqətən də belə idi. Ölkə rəhbəri özünün regionlar və qlobal səviyyəli tədbirləri hesabına komanda üzvlərində məsuliyyət, hesabatlılıq, insanlara canıyananlılıq kimi mühüm ali xüsusiyyətləri aşılayacaqlarını düşünürdü. Lakin görünən mənzərə bundan ibarət oldu ki, bir sıra hallarda ayrı-ayrı nazirliklərdə və nazirlərin fəaliyyətində oğurluq, cinayət, talançılıq, sümürgənlik, qanunsuzluq əməlləri orta çıxdı. Bunlar ölkə rəhbərini məlum qlobal siyasətindən sonra daha çox yeni hökumət quruculuğuna, ardınca bunu bütün hakimiyyət qollarında davam etdirməyə yönəltdi və ən nəhayətdə Prezidentin yeni siyasi elita formalaşdırmaq qərarını daha da möhkəmləndirdi.
Növbəti addım olaraq, 2020-ci il reallığında, kritik situasiyalarda özünü göstərə bilməyən və bu çağrışlara uyğun davranmayan Xarici İşlər Nazirliyinin rəhbərinin dəyişdirilməsini gördük. XİN-ə təyin olunan sabiq Təhsil nazirinin yerinə isə bu sistemə yad olmayan, koordinasiyada, hökumətin fəaliyyətinin qurulmasında birgə rol oynaya biləcək gənc kadrı təyin etdi. Hesab edirəm ki, cəmiyyətin gözləntiləri onlara bəllidir. Prezident artıq təyin etdiyi şəxsləri “İstiqlaliyyət küçəsi 19”, 1 nömrəli kabinetdə, bağlı qapılar arxasında qəbul etmir. Keçirilən qəbullarda müzakirə olunan məsələlər, verilən göstəriş və tapşırıqlar xalqa bəllidir.
Bu, öz-özlüyündə yeni bir formasiyadır. Artıq hamıya bəllidir ki, dövlət başçısı Təhsil nazirindən, Xarici İşlər nazirindən nələri gözləyir. Biz nəzərə almalıyıq ki, hər iki struktur starteji məna daşıyır. Bir sıra vacib sahələrdə çox ciddi kadr çatışmazlıqları var. Peşəkar kadrların ehtiyatlarını istədiyimiz kimi formalaşdıra bilməmişik”.
“Köhnə komanda ilə çətin olardı...”
Deputat deyib ki, köhnə komanda ilə qlobal çağırışlara cavab vermək mümkünsüz olardı:
“Düşünürəm ki, hökumətdə aparılmış dəyişikliklərlə məmur burjuaziyasının aradan qaldırılmasını, iqtisadi sferada müxtəlif holdinqlər vasitəsilə özlərinin iştiraklarını sürdürən və buna görə də rəqabət prosesinin kəskin şəkildə azalmasını, qeyri-şəffaflığa, büdcə vəsaitlərinin yayındırılmasına və böyük korrupsiya cinayətlərinə yolaçma tendensiyalarının meydanının daraldılmasını açıq şəkildə müşahidə etməkdəyik.
İnsanlarımız yeni təyinat alanların sadə, məsuliyyətli, əlçatan olmalarını görməkdədirlər. Köhnə hökumətlə 2020-ci ilin qlobal çağırışlarına sinə gərmək həddindən artıq çətin olardı. Bu cür kritik situasiyalarda onların anti-böhran tədbirlərinin nə səviyyədə ola biləcəyini təsəvvürə belə gətirmək çətindir. Lənglik, amiranəlik mövqeləri, ətraflarında formalaşan mənfi informasiya kütləsinin çoxluğu, daim şantaj və təhdidlər qarşısında qalması, özünümüdafiə mövqeyində fəaliyyət aparmaları, müasir kommunikasiya siyasətindən kənar olmaları fonunda müharibə və pandemiya ilə savaş onların timsalında çox çətin olardı”.
“Yenilər köhnələr kimi olacaqlarsa, onları daha ağır cəza gözləyəcək”
Z.Orucun sözlərinə görə, yeni təyinat alanlar köhnə hökumət üzvləri kimi olacaqlarsa, onları daha ağır cəza gözləyəcək:
“İlham Əliyevin yeni hakimiyyət quruculuğu siyasəti Azərbaycanın ərazi bötüvlüyünün təminatında da önəmli rol oynayacaq. Bu, yeni elitadır, yeni komandadır. Cənab Prezidentin dediyi kimi, 21-ci əsrin meyarları əsasında seçilmiş insanlardır. Artıq güzəşt dövrü bitib. İcra başçılarının ifşa olunması zamanı ölkə rəhbəri “yaramaz məmurlar”, “xainlər” ifadələrini işlətdi. Düşünün ki, insanlara etibar edən, onlara şans verən lider onların səhvləri, cinayətlərindən məyus olur, mənən ağrıyır. Əslində bu mənada köhnə hökumət təmsilçilərini də göz önünə gətirəndə ən çox xəyanətə, müxtəlif xarakterli etibarın doğrulmaması kimi hərəkətlərə məruz qalan məhz Prezident İlham Əliyev olub. Bütün bunların fonunda seçilmiş əsas prinsiplər, yeni yanaşmalar hamıda o qənaəti yaradır ki, yeni təyinat alanlar elə keçmiş hökumət üzvləri kimi olacaqlarsa, bu dəfə ölkə başçısının daha sərt, daha amansız, daha kəskin qərarlarını öz üzərlərində görəcəklər.
Düşünürəm ki, bu məsuliyyəti dərk edənlərin timsalında elə bir elita, elə bir komanda formalaşmış olacaq ki, bu müstəqil Azərbaycanın inkişafına yalnız töhvələr versin və bu, dövlət rəhbərinin daşıdığı yükü, missiyanı paylaşdırmağa imkan versin”.