Son günlər bəzi təhsil ekspertləri AMEA, DİM və Təhsil Nazirliyinin birləşdirilməsi və Elm və Təhsil Nazirliyinin yaradılmasını təklif edirlər.
Məsələ ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov sözügedən qurumların birləşdirilməsi barədə təklifin doğru konsepsiya olmadığını bildirib.
“Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi və Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyi adı altında birləşməsi mümkün deyil. Təhsil Nazirliyi təhsil sahəsində dövlət siyasətini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. DİM ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.
AMEA da spesifik qurumdur, onun müstəqil olması vacibdir”, - o deyib.
Ekspert qeyd edib ki, bu qurumların tabeliyində müxtəlif struktur idarələr, müəssisələr, mərkəzlər var:
“Yəni onların vahid qurumda birləşməsi ciddi problemlər yarada bilər. Həmçinin ölkədə hər üç istiqaməti bilən, hər üçünü birgə idarə edəcək kadr da yoxdur”.