Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qobustan rayonunun Təklə Mirzəbaba kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
HİT.Az xəbər verir ki, sərəncamda deyilir:
1. Qobustan rayonunun Təklə Mirzəbaba kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qəbələ rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Qəbələ rayonunun əhalisi 14880 nəfər olan 10 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.