Bu, Azərbaycanın növbəti böyük zəfəridir - İlham Əliyev

SİYASƏT
09:14 / 31.07.2020
1289

“Son illər ərzində Şəki şəhərinin həm infrastruktur layihələrinin icrası, eyni zamanda, tarixi abidələrinin bərpası istiqamətində çox böyük işlər görülüb. Mən buraya gələrkən görülmüş işlərə bir daha nəzər saldım. Gördüm ki, burada infrastruktur layihələrinin bir çoxu reallaşıb, qazlaşdırmanın səviyyəsi təqribən 85 faizə çatıb, elektrik enerjisi ilə təchizat normaldır. Biz vaxtilə Şəkidə modul tipli elektrik stansiyası qurduq. Yol təsərrüfatı yenilənir. Həm kənd yolları, həm Şəki-Qax-Balakən yolu indi ən yüksək standartlara cavab verir. Mən göstəriş verəcəyəm ki, Şəki-Oğuz yolunun yenidən qurulması da dövlət proqramında nəzərə alınsın və bu iş də tezliklə icra edilsin”.

HİT.Az bildirir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında çıxış edərkən deyib.

“Turizm layihələri icra edilir. Bir çox otellər tikilib və əlbəttə ki, infrastruktur olmadan turizm inkişaf edə bilməz. Bu modul tipli xəstəxananın qarşısında gözəl mərkəzi şəhər xəstəxanası, Olimpiya Mərkəzi, “ASAN xidmət” mərkəzi və digər obyektlər tikilib. Əlbəttə ki, keçən il Şəki Xan Sarayı ilə birgə şəhərin mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması tarixi hadisədir. Bu, Azərbaycanın növbəti böyük zəfəridir. Qız qalası, İçərişəhər, Qobustan və Şəki - bu, təsadüfi deyil. Əlbəttə ki, dediyiniz amillər həlledici rol oynayıb. Amma bununla paralel olaraq, Şəki şəhərinin dünyaya təqdimatı və buraya gələn turistlərin sayının artması nəticəsində Şəkini dünyada daha yaxından tanıdılar. Ekspert komissiyası, əlbəttə ki, bütün bu amilləri nəzərə alıb. Şəki doğrudan da Ümumdünya İrs Siyahısında olmağa layiqdir. Bu, bizim növbəti böyük qələbəmizdir, bütün Azərbaycan xalqının qələbəsidir. Ona görə, bundan sonra da bütün lazımi addımlar atılacaq”.

0