Bakının müharibə hazırlığı: Putin Ermənistandan üz döndərdi

SİYASƏT
13:27 / 31.07.2020
1999

Xəbər verildiyi kimi, Ermənistan mətbuatı Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə yalan məlumat yayıb.

Lakin xəbəri doğru olmadığını qeyd edən Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir.

Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb.

Məsələyə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Ermənistan bu yolla Rusiyanın diqqətini özünə cəlb etməyə çalışır:

“Ermənilər güclü təbliğat aparırlar. Amma bu təbliğat özlərinə qarşı çevrilə bilər. Çünki Türkiyə Naxçıvanda hər hansı bir təxribata seyrçi qalmayacaq. Türkiyə əvvəlki deyil. Üstəlik o, Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır və cavab da veriləcək. Əslində bu açıqlama ilə ermənilər müttəfiq olduqları Rusiyanın diqqətini cəlb etməyə çalışırlar ki, Kreml onları dəstəkləsin. Amma Rusiya onları hazırda açıq şəkildə dəstəkləmir. Hətta dünən Rusiya Xarici İşlər naziri bəyanatında bildirdi ki, Türkiyə ilə təmaslar və məsləhətləşmələr davam edir. Rusiya ermənilərə görə Türkiyə və Azərbaycana düşmən olmaq istəmir. Amma münaqişə olarsa, Rusiyanın siyasi dairələri Ermənistana müxtəlif şəkillərdə dəstək verəcəklər.

Amma hazırda Rusiya qarşısında Azərbaycanı və Türkiyəni görməkdən çəkinir. Ona görə də ermənilər nə qədər təxribatlar törədib, yalan informasiyalar yaysalar da boşa gedir. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın televiziya kanalına müsahibəsində də dedi ki, erməni cəmiyyəti məndən soruşur, necə olur ki, Türkiyə ilə Azərbaycan bu qədər sıx bağlıdır, amma Rusiya bizi elə dəstəkləmir? Bu fikir özü ondan xəbər verir ki, ermənilər həm qorxu içindədir, həm də görürlər Türkiyə- Azərbaycan ittifaqı, Ermənistan-Rusiya ittifaqına bənzəmir. Çünki Rusiya Ermənistan vassalı kimi baxır. Amma bizdə qarşılıqlı faydalılıq əsasında Türkiyə ilə əməkdaşlıq var. Bu da erməniləri ciddi şəkildə qorxudur. Ona görə də belə provakativ informasiyalar yayırlar.

Belarus Prezidenti Aleksandr Lukaşenko da Rusiyanın ona vassal mövqeyi ilə yanaşdığını görüb uzaqlaşdı. Çünki Lukaşenko Rusiyanı bərabərhüquqlu tərəfdaş kimi görürdü. Lakin 2000-ci illərdən sonra Rusiyanın ona vassal kimi baxdığını anlayıb uzaqlaşdı. Ona görə də Rusiya indi Lukaşenkonu cəzalandırmaq istəyir”.

 

0
Cebhe.info