“Artıq ABŞ-ın qarşısında bir deyil, iki qlobal güc dayanıb” - Pentaqondan acı etiraf

20:11 / 31.07.2020
1709

Birləşmiş Ştatlar yaxın 10 illik tarixində ilk dəfə Rusiya və Çinin simasında nüvə potensialına malik iki qlobal güclə üz-üzə dayanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı qüvvələrinin Strateji komandanlığının rəhbəri admiral Çarlz Riçard bəyan edib.

Amerikalı admiral bu bəyanatını Birləşmiş Ştatların hərbi-hava qüvvələri assosiasiyasının Mitçell İnstitutunda keçirdiyi videokonfransda səsləndirib.

Çarlz Riçardın sözlərinə görə, Çin ən müasir qitələrarası ballistik raketləri və sualtı qayıqları ilə birlikdə "qlobal nüvə triadası”nı tamamlamağa çox yaxındır.

“Çin bu onilliyin sonuna qədər bərabər şərtlərdə bizim strateji rəqibimiz olmağa çox yaxındır,”-deyə o qeyd edib. Onun fikrincə, rəsmi Pekin ən yeni idarə və xəbərdarlıq sistemlərini, habelə yüksək döyüş hazırlğını tamamlayaraq ümumi hərbi potensialının inkişaf sürətinə görə ABŞ-ı qabaqlamaqdadır.

Amerikalı hərbi komandan ölkəsinin bu sahədə ikinci böyük rəqibinin Rusiya olduğunu qeyd edib. ABŞ komandanlığı rəsmi Moskvanın son 15 ildə böyük müasirləşmə işlərini apardığını qeyd edərək Rusiyanın həmin sahədə qarşısına qoyduğu hədəflərin 70%-ni icra etdiyini bildirib.

Qeyd olunur ki, bu ilin 27-30 iyul tarixləri arasında Avstriyanın paytaxtı Vyana şəhərində Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə tərksilah və silahlanma ilə bağlı müzakirələr aparılıb. Rəsmi Vaşinqton danışıqlara Çini də cəlb etmək niyyətindədir.

Çin Xarici İşlər Nazirliyinin Silahlanmaya nəzarət departmantinin direktoru Fu Sun isə bu ilin iyul ayını 8-də keçirdiyi mətbuat konfransında ölkəsinin müzakirələrdə iştirakı ilə bağlı şərtlərini açıqlayıb. Onun sözlərinə görə, rəsmi Pekin Birləşmiş Ştatların öz nüvə arsenalını Çinin əlindəki imkanlara qədər azaldacağı təqdirdə prosesə qoşula bilər. ÇXR rəsmisi bununla bərabər həmin tələbin real olaraq gerçəkləşməsinin mümkün olmadığını bildiklərini sözlərinə əlavə edib.

0