Xəbər verildiyi kimi, Rusiyanın 4 mindən çox hərbçisi Ermənistan, Rostov və Volqoqrad bölgələrində batalyon taktiki təlimlərinə başlayıb.
Məlumatda vurğulanıb ki, bu, qoşunların “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərinə daha yaxşı hazırlaşmasına və Cənub Hərbi Dairəsinin qüvvə və vasitələrini xarici hərbi təhdidlərə dərhal və effektiv cavab verməyə hazır vəziyyətə gətirməsinə imkan verəcək.
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiya qəti surətdə bunu təqvimə uyğun olan təlimlər kimi təqdim etməyə çalışır:
“Bildirir ki, bu təlimlər ordunun həyəcan siqnalına reaksiyasını öyrənmək üçün keçirilir. Amma təlimlərin miqyası çox böyükdür. O, Qara dənizi, bütün Şimali Qafqazı, Rusiyanın cənub hissəsini, eləcə də Xəzər dənizinin bir hissəsini əhatə edən və bütün qoşun döyüş növlərini birləşdirən irimiqyaslı təlimdir. Rusiyanın bu təlimləri, Türkiyə-Azərbaycan siyasi və hərbi münasibətlərinin daha üst səviyyəyə qalxmasından və rəsmi Ankara rəhbərliyinin çıxışlarından qıcıqlanaraq keçirdiyini söyləmək olar.
Çünki Türkiyənin prezidenti, Xarici İşlər naziri, Milli Müdafiə naziri sözün əsl mənasında Azərbaycana qarşı erməni hücumundan sonra bu məsələyə biganə qalmayacaqlarını bəyan etdilər. Oan görə də Rusiya ənənəvi olaraq həm NATO-nun cənub cinahı olan Türkiyəyə qarşı Ermənistan ərazisində və Qara dənizdə böyük qüvvələr saxlayır, həm də Xəzər dənizində Azərbaycana, keçmiş sovet məkanına daxil olan digər Türk respublikalarına əzələ nümayişi etdirmək istəyir. Bir sözlə bu təlimlərlə bağlı heç kəs niyyətini açıq sürətdə deməyəcək. Amma təlimlər bütövlükdə Azərbaycan-Türkiyə münasibətlərinin irəliyə doğru getməsindən, xüsusən hər iki ölkənin birgə hərbi təlimlər keçirməsindən sonra başlayıb. Üstəlik Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hava hücumundan müdafiə sistemlərini qurmaq və onun təlimlərini keçirmək adı altında bu sistemə daxil olan qoşun rəhbərlərinin bir qismini Ermənistana göndərib.
Onun dağlıq Qarabağa münasibəti indiyədək oynadığı roldu və bundan sonra da oynamaq istədiyi rolu açıb ortaya qoyan məqamlar gün işığına çıxır. Hesab edirəm ki, Rusiya nə qədər əzələ nümayiş etdirsə də bölgədəki ədalətsizliyin aradan qaldırılması istiqamətində Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə biləcək addımlar ata bilməz. Bunu Rusiya özü də yaxşı bilir. Ona görə də Rusiyanın keçirdiyi təlimlər bizdə hər hansı bir həyəcan doğurmamalıdır”.