Baş Prokurorluqdan iyulun 15-də saxlanılanlarla bağlı AÇIQLAMA

SİYASƏT
17:33 / 02.08.2020
1758

Baş Prokurorluq iyulun 14-dən 15-ə keçən gecə saxlanılanlarla bağlı məlumat yayıb.

Məlumatda deyilir:

"Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin guya qanunsuz olaraq saxlanılması, həyata keçirilən prosessual hərəkətlər zamanı hüquqlarının pozularaq işgəncə və zorakılığa məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılmışdır.

Cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, istintaqın obyektiv gedişatına təsir göstərməklə ictimai rəyi çaşdırmağa xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən qəti şəkildə təkzib olunur.

Təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin iştirakı ilə həyata keçirilməklə hüquqi yardım almaq və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlar tam təmin olunmuşdur.

Baş Prokurorluq bir daha bəyan edir ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin gedişatı barədə ictimaiyyətə əlavə olaraq ətraflı məlumatın verilməsi təmin olunacaqdır".

0