Hər kəs qanunlar qarşısında bərabərdir. Hər kəsin qarşısında bərabər olduğu qanunlar hər yerdə olmalıdır. Cəmiyyətdəki real qanunlar virtual aləmdə olmadığı üçün insanlar sosial şəbəkələrdə etdiyi qeyri-qanuni hərəkətləri tədricən realda da etmək istəyir. Buna görə də biz sosial şəbəkələrin işini tənzimləmək üçün belə bir təklif irəli sürmüşük.
Bu sözləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov sosial şəbəkələrin tənzimlənməsi yönündə müvafiq qanun layihəsinin hazırlanması haqda danışarkən deyib.
Deputat vurğulayıb ki, sosial şəbəkələrin tənzimlənməsi vətəndaşların istəyidir:
“Azərbaycan demokratik ölkədir. Ölkəmizdə söz, mətbuat, fikir azadlıqları var. Lakin unutmaq olmaz ki, heç də hər kəs bu azadlıqlardan lazımi üzrə istifadə etmir. Xüsusilə, bu gün sosial şəbəkələrdə vəziyyət acınacaqlıdır. İnsanların bir-birini təhqir edib, şəxsiyyət və ləyaqətlərini alçatması və ya gizli profillər vasitəsi ilə başqalarını aldatması kimi hallar çoxalıb. Bu mənada bu gün sosial şəbəkələrin tənzimlənməsinə ehtiyac var. Kimsə bu gün belə bir məsələyə ehtiyac duymaya bilər, lakin ümumi mənzərə onu göstərir ki, bir çox vətəndaş sosial şəbəkələrin tənzimlənməsini zəruri sayır”.
Millət vəkili bildirib ki, dünya təcrübəsində də belə hallara rast gəlinir:
“Artıq bu məsələ ilə bağlı Rusiya, Türkiyə müvafiq addımlar atıb, qanuni çərçivədə sosial şəbəkələrin işini tənzimləyir. Demək, bu problem yalnız bizdə deyil, dünya ölkələrinin hər birində var. Digər bir məsələ də ondan ibarətdir ki, sosial şəbəkələrin tənzimlənməsi fərdlərarası münaqişələrdən deyil, eyni zamanda, ölkə maraqları üçün də zəruridir. Çünki bu gün sosial şəbəbkələr üzərindən dini-radikal, ekstremist qruplar, separatçı ünsürlər, xainlər mənfur əməllərini icra edirlər”.