Ermənistan tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayır. İyulun 12-də cəbhənin Tovuz istiqamətində baş verən təxribat düşmən ölkədə qarşıdurma meyllərini yenidən gücləndirib. Siyasi müstəvidə yaşanan məğlubiyyət seriyasının döyüş meydanında təkrarlanması Paşinyan hakimiyyətini çıxılmaz vəziyyətdə qoyub.
Müşahidəçilər iyulun ikinci ongünlüyündə baş verən hadisələri analiz edəndə qarşıya xeyli maraqlı məqamlar çıxır. Ermənilərin Avropa ölkələrində törətdikləri təxribatlardan sonra yaranan mənzərə erməni diasporunun gücüylə bağlı mövcud qənaəti alt-üst etdi.
Məlum oldu ki, erməni lobbisinin qeyri-adi təsir imkanlarına malik olmasıyla bağlı deyilənlər mifdən başqa bir şey deyilmiş. Azərbaycan hakimiyyətinin və diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti bu mifi darmadağın etdi.
Qeyd edək ki, erməni diasporunun uğursuzluğa düçar olması rəsmi İrəvanı əməlli-başlı məyus edib. Baş nazir Paşinyanın Diasporla iş Komitəsində “təmizləmə əməliyyatı”na başlaması bunun sübut sayıla bilər. Bəlli olduğu kimi, Paşinyan sözügedən qurumun 10 məsul əməkdaşını vəzifədən azad edib. 4 nəfərin isə vəzifəsi dəyişdirilib. Digər əlaqədar qurumların da bu prosesdən kənarda qalmayacağı istisna deyil. Bu gedişlə Paşinyanın təcrübəsiz dövlət adamı olmağının cəzasını Ermənistanda hamı çəkəcək.
Ermənistanın əvvəl hərbi, sonra isə diplomatik müstəvidə məğlubiyyətə uğraması uzaqgörən nəticələr çıxarmağa əsas verir. Reallıq ondan ibarətdir ki, “erməni həqiqətlərinin” cəfəngiyyat olduğuna beynəlxalq ictimaiyyət daha çox inanmağa başlayıb. “Məzlum millət”in göz yaşlarına daha heç kim inanmır. Azərbaycan Prezidentinin uzun illər davam edən məqsədyönlü siyasəti nəticəsində Ermənistanın təcavüzkar olduğu tamamilə sübuta yetirilib. Ermənistanın güvəndiyi böyük dövlətlərin və beynəlxalq təşkilatların düşmən təxribatını dəf edən Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarına seyrçi qalması düşmən ölkənin ən vacib dayaqlardan məhrum olduğunu göstərir. Rəsmi İrəvanın hər iki cəbhədə düçar olduğu uğursuzluq bu ölkədə qarşıdurma meyllərinin yenidən güclənəcəyinin anonsu sayıla bilər.