Prezidentdən söz istəyən icra başçısı: O cəsarət idimi?  (ViDEO)

SİYASƏT
12:15 / 17.05.2020
5721

Məlum olduğu kimi, ötən gün Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki,N.İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.

“AzPolitika.info” xəbər verir ki, 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirən N.İsmayılova aid internetdəki “Vikipediya” səhifəsində sabiq başçının siyasətçi olduğu qeyd edilir, ixtisası isə “ Energetika mühəndisi və politoloq”(?) kimi göstərilir.

Qeyd edək ki, N.İsmayılov 30 ilə yaxın müddətdə icra hakimiyyəti strukturlarında yüksək vəzifələr tutub və ötən il Saatlıya başçı təyin olunmazdan əvvəl Göyçay, Şamaxı və Sabirabad rayonlarının icra başçısı olub.

Mətbuatda onun rəhbərlik etdiyi rayonlarda yaşayan əhalinin şikayətlərini əks etdirən kifayət qədər çoxlu sayda materiallara, korrupsiya iddialarına rast gəlmək olar.

Ancaq Azərbaycan reallıqlarını nəzərə alsaq, burada qeyri-adi bir şey yoxdur. Çünki icra başçılarının böyük əksəriyyətinin “iş prinsipləri” hamıya yaxşı məlumdur və bu cəhətdən yəqin ki, Saatlının artıq sabiq icra başçısı da digər həmkarlarından geri qalmayıb.

Lakin N.İsmayılov geniş ictimaiyyət arasında daha çox ötən ilin dekabrında Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədəki çıxışı ilə yadda qalıb.

Adətən icra başçılarının belə iclaslarda “ağzına su alıb” oturduqları, dindirən olmasa dinmədikləri və “xəta-bəladan uzaq olmaq üçün” iclasın mümkün qədər tez bitməsini arzuladıqları halda, N.İsmayılov həmin iclasda ölkə başçısından söz istəmişdi.

Əslində, hər başçının, hətta nazirin cəsarət etmədiyi bu addımı atan N.İsmayılov Saatlıda pambıqçılığın əsas problemi olan suvarma məsələsini qaldırmışdı. O, dolayısı ilə bu problemin mövcudluğunda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini və onun rəhbəri Əhməd Əhmədzadəni günahlandırmışdı.

Bunun da nəticəsində ölkə başçısı N.İsmayılovun çıxışından sonra Əhməd Əhmədzadədən problemlə bağlı izahat tələb etmişdi.

Bunun başçının rayonun problemlərinə doğrudan da can yandırdığı, yoxsa Ə.Əhmədzadəni “vurmaq” üçün etdiyinə dair bir şey söyləmək çətindir. Ümid edək ki, birinci variant doğrudur və N.İsmayılov doğrudan da rayonun suvarma probleminin həllini istəyib...

N.İsmayılovun həmin iclasdakı çıxışı: /Azpolitika.info

 

4