“Ordunun modernləşdirilməsi ən vacib məsələlərdəndir, bu gün ordumuza ən müasir silahlar alınıb”.
Bunu “Report”a açıqlamasında orduda aparılan islahatları şərh edərkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.
O bildirib ki, əvvəllər orduda vəziyyət acınacaqlı idi. Deputat tez-tez hərbi hissələrə baş çəkdiyini və son illərdə ordunun maddi-texniki bazasının gücləndirildiyinin şahidi olduğunu söyləyib.
A.Abbas qeyd edib ki, son illərdə xeyli sayda yeni hərbi hissələr tikilərək istifadəyə verilib: “Əsgərlərə ən yüksək səviyyədə kalorisi olan yeməklər verilir. Əvvəllər əsgərlər paltarlarını yuyurdular, yemək bişirirdilər, indi bunu mülki insanlar edir. Əsgərin işi ancaq vətəni müdafiə etməkdir. Daha hərbi maşınları 18-19 yaşlı əsgərlər sürmür, əvvəllər buna görə tez-tez qəzalar olurdu. İndi isə hərbi maşınları idarə etməyə mülki insanlar cəlb olunub deyə qəzaların sayı da azalıb. Azərbaycan Ordusunda böyük islahatlar aparılıb. Təbii ki, müəyyən problemlər ola bilər, heç bir ölkənin ordusu bundan uzaq deyil”.
Azərbaycan Ordusunun mayın 18-dən 22-dək keçiriləcək genişmiqyaslı əməliyyat-taktiki təlimlərindən danışan deputat bunu şəxsi heyətin döyüş qabiliyyətinin artırılması kimi qiymətləndirib.
“Bütün təlimlər döyüş qabiliyyətini artırmağa hesablanıb. Təlimlər həm də əsgərin, gizirin, müddətdən artıq xidmət edən hərbi qulluqçuların, zabit heyətinin döyüş ruhunu artıraraq onları daha da səriştəli edir. Praktiki məşqlərdə bütün nöqsanlar, çatışmazlıqlar aşkarlanaraq aradan qaldırılır. Ordumuza alınan yeni hərbi texnikaların, silah-sursatın, döyüş vasitələrinin istismarı yoxlanılır və şəxsi heyətə daha mükəmməl öyrədilir.
Təlim ordunu döyüşə hazırlamaq deməkdir. Azərbaycan Ordusu mütəmadi genişmiqyaslı təlimlər keçirir. Bu da döyüş taktikasını, döyüş ruhunu, ümumiyyətlə döyüş qabiliyyətini artırmaq üçün ən önəmli məsələdir”, - A.Abbas vurğulayıb.
Hərbi ekspert Ramil Məmmədli isə Azərbaycan Ordusunda islahatlarla bağlı köklü dəyişikliklərin 2005-ci ildən başlandığını, lakin 2013-2014-cü illərdən bu dəyişikliklərin başqa bir müstəviyə keçdiyini deyib.
O bildirib ki, bu dəyişikliklərin əsasında əsgər-zabit münasibətləri ilə bağlı yeniliklər dayanır: “2014-cü ilə kimi mətbuatda və cəmiyyətdə əsgər-zabit münasibətlərində bir çox narahatlıq və nizamnamədən kənar hadisələrin olmasına dair xəbərlər yer alırdısa, bu gün övladını hərbi xidmətə göndərən Azərbaycan vətəndaşı rahatdır. O bilir ki, oğlunun komandiri – zabiti ona öz övladı, qardaşı, dostu kimi yanaşacaq. Bu, birinci və vacib məsələdir. İslahatlarla bağlı növbəti məsələ maddi-texniki bazanın gücləndirilməsi ilə bağlıdır.
Burada əsas yeri əsgərlərin yataq yerlərinin (kazarma) müasirləşdirilməsi, hərbi hissələrdə müasir tələblərə cavab verən işlərin görülməsi, zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqcuların sosial vəziyyətinin yaxşılaşdırılması idi. Əvvəlcə onların maaşlarının artırılması məsələsi təmin olundu. Eyni zamanda onların mənzillərlə təminat məsələsi həll edildi. Bu gün də bu proses mərhələli formada davam edir. Xidmət müddətinə uyğun olaraq zabitlər və gizirlər evlərlə, torpaq sahələri ilə təmin olunurlar”.
Silah və hərbi texnika parklarının yenilənməsini islahatların davamı kimi qiymətləndirən hərbi ekspert bu sahədə köklü dəyişikliklərin olduğunu bildirib: “Hava hücumundan müdafiə sistemi yenidən quruldu, Hərbi Hava Qüvvələrinin texniki imkanlarının gücləndirilməsi üçün müasir təyyarələrin alınmasına başlanıldı. Bu proseslə Qərbin modern texnologiyalarının mənimsənilməsinə start verildi. Bu, bir neçə günə həll olan məsələ deyil, buna görə də islahatlar davamlı şəkildə aparılır. Quru Qoşunlarda Azərbaycan Ordusunun istifadəsində olan texnikalar yeniləndi, çoxlu sayda zirehli maşınlar alındı, artilleriya qurğuları, atıcı silahların yeniləşməsi prosesinə başlanıldı. Bununla yanaşı Azərbaycan Ordusunda təlimlərinin sayının artdığının şahidi olduq.
İslahatlara kadr dəyişiklikləri məsələsini də aid etmək olar. Uzun illər Müdafiə Nazirliyinin rəhbər strukturlarında vəzifə tutan şəxslər işdən uzaqlaşdırıldı. Onların yerinə daha gənc və perspektivli zabitlər gətirildi”.
Ekspertin sözlərinə görə, təəssüf ki, bəzi şəxslər düşünmədən ordu ilə bağlı bəzi şayiələri yayırlar: "Bu da daim internet pusqusunda duran düşmənin işinə yarayır. Fəaliyyəti nə zamansa hərb ilə bağlı olan şəxslərin isə ordu ilə bağlı hər hansı neqativ açıqlamaları hərbçilər arasında ruh düşkünlüyü yarada bilər. Bu səbəbdən həm xidmət keçən, həm ehtiyatda olan hərbçilər öz bəyanat və açıqlamalarında maksimum diqqətli olmalıdırlar və gördüyü istənilən neqativ halla bağlı dövlətin müvafiq qurumlarına müraciət etməlidirlər".