İrəvanı silkələyən həbs: Paşinyanın sonu başlayır

SİYASƏT
21:06 / 08.08.2020
1752

İrəvanın sabiq meri Robert Nazaryanın həbsi Paşinyan hakimiyyətini qəbul etməyənləri aradan qaldırmaq üçün təşkil edilən növbəti kampaniyadır.

Bu sözləri  politoloq Fikrət Sadıqov Serj Sərkisyana qarşı ifadə verməkdən imtina edən İrəvanın sabiq meri və İctimai xidmətin tənzimlənməsi Komissiyasının keçmiş sədri Robert Nazaryanın həbs edilməsi barədə xəbəri şərh edərkən deyib.

Onun sözlərinə görə, R.Nazaryanın həbsi Sərkisyanla bağlı ola bilməz:

“Sərkisyan o qədər korrupsiyaya bulaşmış, ölkəni mürəkkəb vəziyyətə gətirmiş bir siyasətçi idi ki, ona qarşı ifadə verib-verməmək problem deyil. Düşünmürəm ki, Nazaryanın həbsi bu durumla bağlı olsun. Bu, sadəcə olaraq bir kampaniyadır. Və bu kampaniya çərçivəsində Paşinyanın rəqibləri, ona qarşı çıxış edənlər, onu qəbul etməyib tənqid edənlər aradan götürülür. Əgər Paşinyan Sərkisyanı həbs etmək və ya ona qarşı cinayət işi açmaq istəyirsə, onun əlində kifayət qədər dəlil, fakt və sübut var”.

Politoloq hazırda Ermənistandakı antidemokratik vəziyyətin yaranmasının başlıca səbəblərindən birinin Paşinyanın yalan vədlərlə hakimiyyətə gəlməsi olduğunu vurğulayıb:

“Paşinyan demokratik dəyərlərdən çox uzaq bir insandır. O, hakimiyyətə çox gurultulu və demokratik şüarlarla gələrkən Ermənistanı çiçəklənən, inkişaf etmiş bir dövlətə çevriləcəyini, hətta bütün dünya ermənilərinin vətənə qayıdıb toplaşacağını və bu kimi bir çox bir-birinə zidd bəyanatlar vermişdi. Lakin bunların hamısı nağıl çıxdı. Məqsəd hakimiyyətə gəlmək idi və o, buna nail ola bildi, ancaq ölkənin iqtisadi durumu daha da ağırlaşdı.

İndi aydın olur ki, Paşinyanın hakimiyyətə gəlməsinin əsas səbəblərindən biri də rəqiblərini və onu vaxtilə həbs edən şəxsləri aradan götürməkdir. Bu siyahıya Robert Köçəryanı, Serj Sərkisyan və onun qohumlarını, bir sıra keçmiş nazirləri, generalları və hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Y.Xaçaturovu da aid etmək olar. Görünür, vaxtilə Paşinyan onlardan çox əziyyət çəkib və elə hakimiyyətə gələr-gəlməz onları aradan qaldırmağa başladı. Bu proses hələ də davam edir. Əgər sabah kimsə Paşinyanın “qırmızı xəttini” keçərsə və maraqlarına bir zərbə vurarsa, onu da həbs edib aradan götürəcək. Artıq bu həbslər prosesi, repressiyalar dalğası o qədər güclüdür ki, erməni politoloqları və ekspertləri belə bunu xüsusilə qeyd edirlər. Onlar hesab edirlər ki, belə davam edəcəyi halda Paşinyanın hakimiyyəti sona çatacaq.
Paşinyanı seçən xalq da artıq anlayır ki, hazırkı hakimiyyət xalqın maraqlarını ifadə etmir”.

2
Axar.az