Ceyhun Bayramov Moskva ilə Ankara arasında SEÇİM ETDİ

SİYASƏT
15:13 / 11.08.2020
1823

“Ceyhun Bayramovun xarici işlər naziri vəzifəsində ilk rəsmi səfərini Türkiyəyə reallaşdırması gözlənilən idi. Bu strateji müttəfiqliyin ruhuna uyğundur. Məsələn, Rusiya xarici işlər naziri Sergey Lavrov da Ceyhun Bayramovu Moskvaya dəvət edib. Ancaq bu səfər Türkiyədən sonra mümkün ola bilər. Bunun özü də Moskvaya mesajdır ki, Azərbaycan üçün Türkiyə Rusiyadan əvvəl gəlir və Kreml bu amillə hesablaşmalıdır”.

HİT.Az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq  Elxan Şahinoğlu deyib.

Siyasi ekspert Ceyhun Bayramovun  Ankarada türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşünü bu cür şərh edib:

“Görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə rəsmisi həmişə olduğu kimi ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini bu sözlərlə tənqid edib: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. ATƏT-in Minsk Qrupun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”.

Mövlüd Çavuşoğlunun sonrakı açıqlaması da maraqlıdır: “Bu ilin 12 iyul tarixində Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum edib. Türkiyə Cümhuriyyəti olaraq o gün nə demişiksə, bu gün də onu deyirik. Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq”.

Mövlüd Çavuşoğlu bu sözlərlə demək istəyib ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hansı qərarı verərsə Türkiyə Azərbaycanın yanında olacaq. Ceyhun Bayramovun Mövlüd Çavuşoğlu ilə görüşdə “bizim birliyimiz əbədidir” ifadəsini səsləndirməsi, o cümlədən Azərbaycanın hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəklədiyini vurğulaması da önəmlidir. Müttəfiqlik qarşılıqlı dəstəyi diqtə edir. Ceyhun Baryamovun açıqlaması o deməkdir ki, rəsmi Bakı Türkiyənin Cənubi Qafqazla yanaşı digər bölgələrdəki siyasətini də dəstəkləyir”.

Elxan Şahinoğlu görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin müzakirəsi məsələsinə də toxunub:

“Rəsmi Bakı sərhəddəki son insidentdən sonra Minsk Qrupunun toplanması vacibliyini bildirib. Bu o deməkdir ki, Bakı da Ankara kimi həmsədrlərin fəaliyyətindən narazıdır və hazırki formatın dəyişdirilməsini istəyir. Sadəcə, Minsk Qrupunun 11 üzvünün toplanması və format ətrafında müzakirələrin başlaması üçün Bakının Ankaranın diplomatik dəstəyinə ehtiyacı var. Böyük ehtimalla xarici işlər nazirləri təkbətək görüşdə bu məsələni hərtərəfli müzakirə ediblər. İnanmaq istərdik ki, nazirlər görüşdə iki ölkənin daha sıx əsasda siyasi və hərbi inteqrasiya məsələlərini də müzakirə ediblər. Bunun üçün əsaslı zəmin var. Birincisi, Türkiyə bir çox bölgədə olduğu kimi Cənubi Qafqazda da var olduğunu hərbi təlimlər vasitəsilə ortaya qoyub. İkincisi, Azərbaycanın iştirakçısı olduğu bütün enerji və nəqliyyat layihələri Türkiyəyə uzanıb. Demək bu layihələrin təhlükəsizliyi də Türkiyə üçün vacibdir”.

0