"Türkiyə Prezidentinin Azərbaycanın Müdafiə naziri Zakir Həsənovu qəbul etməsi buna işarə edir ki, əgər, münaqişənin həllində hərbi üsuldan istifədə olunarsa Türkiyə Azərbaycanla birlikdə bunu etməyə hazırdır".
Bu sözləri SİA-ya açıqlamasında Qərbi Kaspi Universitetinin "Siyasi Elmlər" kafedrasının müdiri, siyasi məsələlər üzrə ekspert Fikrət Sadıxov Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir Həsənovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Türkiyənin xarici siyasət istiqamətləri artıq reallaşmağa başlayıb: "Bu xarici siyasi istiqamətlərin reallaşmasının əsas prioritetləri Azərbaycana dəstək verməkdir. Xüsusilə də, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində, Dağlıq Qarabağ məsələsi kontekstində bu məsələlər diplomatik səviyyədə ölkənin Xarici İşlər naziri ilə ciddi şəkildə müzakirə olundu. Əvvəlcə Türkiyənin Xarici İşlər Nazirliyi səviyyəsində, daha sonra isə dövlət başçısı səviyyəsində bu məsələlər masaya yatırıldı. Bu mühüm bir istiqamətdir. Bunu dəfələrlə Türkiyə rəsmiləri bəyan ediblər və müxtəlif beynəlxalq tribunalarda Azərbaycanı dəstəklədikləri haqqında, ölkəmizi müdafiə etməklə bağlı bəyanatlar səsləndiriblər. Bu da onu göstərir ki, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək məqsədi və hədəfi Türkiyə tərəfindən tam dəstəklənir".
Fikrət Sadıqovun fikrincə, Türkiyə Prezidentinin Azərbaycanın Müdafiə naziri Zakir Həsənovu qəbul etməsi buna işarə edir ki, Türkiyə Azərbaycanın yanındadır və Dağlıq Qarabağ münaqişəsinin həllində də həmişə Azərbaycanın yanında olacaq və əgər, hərbi üsuldan istifədə olunarsa Türkiyə Azərbaycanla birlikdə bunu etməyə hazırdır:
"Həm hərbi-texniki əməkdaşlıq baxımından, həm də bu proseslərdə yaxından iştirak baxımından Türkiyə Azərbaycana dəstək olmağa hazırdır. Bunu irimiqyaslı Azərbaycan-Türkiyə hərbi təlimləri də təsdiq etdi. Çünki, bu xaricidə də böyük bir reaksiya doğurdu. Xüsusilə də Ermənistanda böyük şok reaksiya ilə qarşılandı. Bütün bu proseslər də əlbəttə ki, indiki vəziyyəti əks etdirən reallıqlardır".