ABŞ-ın yeni prezidenti kim olacaq? - Proqnozlar

SİYASƏT
22:25 / 13.08.2020
1722

Noyabrın 3-ü ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. ABŞ-ın hazırkı prezidenti Donald Trampla prezidentliyə namizəd Co Bayden arasındakı rəqabət gün keçdikcə daha da gərginləşir.

Maraqlıdır, hansı namizədin şansı daha çoxdur və ABŞ-ın növbəti prezidenti kim olacaq?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, hazırda mübarizə əsas mübarizə respublikaçılarla demokratlar arasında gedir:

“Budəfəki prezident seçkilərinin özünəməxsus bir cəhəti də ondan ibarətdir ki, mübarizə həm də Ağ Evlə Konqres arasında gedəcək. Çünki Konqres dəfələrlə Trampa impiçment elan etmək istəyib.

ABŞ-da və Qərb ölkələrində kimin prezident seçilməsi həmin ölkənin sosial-iqtisadi vəziyyəti və vətəndaşların rifah səviyyəsi ilə bağlıdır. Bundan əlavə, ölkənin apardığı xarici siyasət də namizədin seçilməyində önəmli bir faktordur. Çünki prezident seçilmək istəyən hər bir namizəd bu nüansları bilməli və seçki kampaniyasında istifadə etməlidir. Bütün bu reallıqları nəzərə alsaq, deyə bilərəm ki, Donald Trampın yenidən ABŞ prezidenti seçilmək şansı azdır. Onu da deyim ki, mövcud pandemiya Trampın prestijinə ciddi zərbə vurdu. Faktiki olaraq onun pandemiya ilə mübarizədə qəbul etdiyi qərarlar bu gün ciddi tənqid atəşinə tutulur. Digər tərəfdən Co Bayden elə də güclü siyasətçi deyil, lakin Trampın səhvlərini öz lehinə çevirməyi yaxşı bacarır”.

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, sosial sorğularda Co Baydenin reytinqi yüksək olsa da, Donald Trampın qələbə qazanması daha realdır:

“Məsələ ondadır ki, bu gün Baydenin əleyhinə çoxsaylı materiallar yayılmaqdadır. Xüsusilə də bu materialların bir çoxu Ukraynanın keçmiş prezidenti Poroşenko ilə olan münasibətlərini əks etdirir. Bu da öz növbəsində onun reytinqinə ciddi təsir edən amillərdəndir.

Donald Tramp isə son zamanlar seçicilərin dəstəyini qazanacaq bir çox müsbət addımlar atmaqdadır. Xüsusilə, son zamanlar təklif etdiyi sosial paketlər, eyni zamanda pandemiya ilə əlaqədar vətəndaşlara edilən güzəştlər Trampı dəstəkləyənlərin sayını kəskin artırıb”.

Politoloq İlqar Vəlizadə də deyib ki, Donald Trampın seçkilərdə qələbə qazanma şansı Co Baydendən bir qədər çoxdur:

“Çünki Tramp, Baydenin əksinə, daha aqressiv seçki kampaniyası aparır. Namizədin qələbə qazanması üçün bu, şərtdir. Digər bir vacib fakt isə Trampın texnoloqlara arxalanmamasıdır. Bayden isə faktiki olaraq politexnoloqlara arxalanır. Baydenin şanslarını yüksək qiymətləndirənlər onu güclü və nüfuzlu siyasi qrupların dəstəkləməsini əsas götürür. Lakin nəzərə almaq lazımdır ki, seçkilərdə namizədlər mübarizə aparır. Mübarizədə isə liderlik faktoru vacibdir. Bayden lider deyil, heç vaxt da olmayıb. Tramp hər nə qədər bəzi siyasi səhvlər buraxsa da, xarizmatik liderdir və bu, Bayden qarşısında onun hər zaman bir addım öndə olmasına gətirib çıxarır”.

Politoloq Tofiq Abbasov da hazırkı Prezident Donald Trampın şanslarını daha yüksək qiymətləndirib:

“Trampın apardığı uğurlu iqtisadi və sosial siyasət ABŞ əhalisinin sosial rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bildi. Düzdür, pandemiyanın ABŞ iqtisadiyyatına vurduğu zərbə Trampın apardığı iqtisadi-sosial siyasətə kölgə saldı. Lakin Trampın pandemiya ilə bağlı əhaliyə yardım ayırması, eyni zamanda iqtisadiyyatı çökməkdən xilas etməsi onun reytinqinin yenidən qalxmasına gətirib çıxardı. Digər tərəfdən, Trampın xarici siyasətdə də uğurlu gedişləri oldu. Xüsusilə pandemiya dövründə ölkənin xarici xərclərini azaldıb daxilə, sosial proqramlara cəlb etməsi ciddi bir seçici kütləsi qazanmasına zəmin yaratdı.

Baydenə gəldikdə isə deyə bilərəm ki, ABŞ-da qaradərili vətəndaşın ölümü Trampdan çox Baydenin reytinqinə təsir etdi. Çünki aparılan araşdırmalar onu göstərdi ki, bu hadisələrin miqyasının genişlənməyində Demokratlar Partiyasının əli var. Bu da öz növbəsində seçkilər ərəfəsində ciddi bir faktdır”.

Politoloq Turab Rzayevin sözlərinə görə, Donald Tramp uğurlu iqtisadi və sosial siyasətilə qalib gələcəyi yönündə şübhəyə yer qoymamışdı, lakin bu uğurunu əldə saxlaya bilmədi:

“COVİD-19-un ABŞ-da sürətlə yayılması, qaradərili Corc Floydun qətli və bu hadisənin ölkədə kütləvi etirazlara səbəb olması Trampın mövqeyini xeyli zəiflətdi. Aparılan sosial sorğu mərkəzləri seçkilərdə Trampın göstəricilərinin 30-40 faizə qədər az olduğunu açıqlayıb.

Co Bayden daha uğurlu siyasi gedişlər etməkdədir. Xüsusilə onun Kaliforniya ştatından senator Kamala Harrisi ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd seçdiyini elan etməsi çox ciddi bir siyasi gedişdir. Məsələ ondadır ki, Kamala Harris əslən yamaykalıdır. Digər tərəfdən, qaradərilidir. Yəni Co Bayden bu yolla həm ABŞ-da qaradərililərin, həm də ispandilli əhalinin dəstəyini qazanmağı hədəfləyir. Digər tərəfdən, Co Bayden seçiləcəyi halda Kamala Harris də ABŞ-ın ilk qaradərili vitse-prezidenti olacaq”.

1