Türkiyə-Azərbaycan münasibətləri FOTOLARDA

SİYASƏT
21:35 / 13.08.2020
924

İyulun ayının 12-də Ermənistan və Azərbaycan sərhədinin Tovuz rayonunu əhatə edən hissəsində döyüşlər başladı. Ermənistan ordusunun atəşkəsi pozması və gərginliyi artırması nəticəsində davam edən döyüşlər hər iki tərəfdən itkilərlə nəticələndi.

İyulun 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində hücumunu pislədi və Azərbaycana dəstəyini bildirdi.

Tovuz cəbhəsində döyüşlərin davam etdiyi vaxtda bir çox ölkələrdən, o cümlədən Türkiyədən Azərbaycana siyasi dəstək ifadə edildi. Tovuz döyüşlərindən sonra isə iyul ayının 29-dan başlayaraq, Türkiyə və Azərbaycan arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başladı.

İyulun 31-də isə prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng etdi. İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirdi.

Qardaş ölkə ilə yaxınlaşmaqda olan münasibətlər avqustun 11-i xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə səfəri ilə daha da aktivləşdi.

XİN rəhbərlərinin geniş tərkibli görüşündən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı nazirləri – XİN başçısı Ceyhun Bayramovu və müdafiə naziri general-polkovnik Zakir Həsənovu birlikdə qəbul etdi.

Bu görüşlərin nəticələri gündəmdən çıxmadan, ertəsi gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi general Yaşar Gülər, Quru Qoşunları komandanı general Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı general Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal ilə Bakıya gəldilər.

Artıq hər iki ölkənin media və ictimaiyyət nümayəndələri hərbi razılaşmanın imzalanacağı, Türkiyə qoşunlarının bir hissəsinin Azərbaycanda yerləşdiriləcəyi haqqında fərziyyələr irəli sürürlər.

0
Modern.az