“Amuslar mədəninin işə salınması Ermənistan üçün dəhşətli fəlakət olacaq”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu avqustun 12-də mətbuat konfransında erməni hüquqşünas Nazeli Vardanyan deyib.
Vardanyan xatırladıb ki, “Lidian” şirkəti iflas prosesindədir və əslində mədənin işə salınması ilə başqa şirkətlər məşğul olacaq, səhmlərin böyük hissəsi artıq türklərin əlindədir.
““Lidian” şirkəti iflas prosesindədir, səhmlər bank və kredit təşkilatları tərəfindən alınır, səhmlərin təxminən 40 faizi türklərin əlindədir. Onlara ölkənin təhlükəsizliyi ilə birbaşa əlaqəli olan strateji, vacib proqramda iştirak etməyə icazə vermək qəbuledilməzdir”, - deyə erməni hüquqşünas Nazeli Vardanyan deyib.
Vardanyan qeyd edib ki, türklər Amusların səhmlərinin böyük paketinin sahibi ola bilərlər.
O qeyd edib ki, avqustun 10-da Ermənistan parlamenti qarşısından həbs olunan, Amuslar mədəninin istismarına qarşı etiraz aksiyası keçirən şəxslərə qarşı Ermənistan polisi fərqli yanaşma nümayiş etdirib.
“Amuslar mədəni həm də strateji əhəmiyyətə malikdir, dağı yarmaqla gedəcəklər ki, Cermuku və su anbarını təhlükə altında qoysunlar”, - deyə Vardanyan qeyd edib.