Azərbaycan hər hansı hücuma məruz qalarsa... - Ankaradan daha bir dəstək mesajı

SİYASƏT
10:44 / 15.08.2020
1113

Türkiyə və Azərbaycan yaxşı gündə də, pis gündə də hər zaman bir-birinin yanında olub, bundan sonra da olacaq.

Bu haqda Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ötən gün axşam AzTV-də qatıldığı videokonfransda deyib.

“Azərbaycan son 30 ildə çətin günlər yaşayıb. Xocalı qətliamını yaşadı, erməni təcavüzünə məruz qaldı, torpaqları işğal edildi. Bütün bu çətin dövrlərdə Türkiyə hər zaman Azərbaycanın yanında oldu. Biz bilirik ki, Azərbaycan xalqı öz iradəsi ilə bu çətinlikləri dəf etmək gücündədir. Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmaqda davam edəcək. Hər cür düşmənə qarşı ittifaqımız, hər cür dosta qarşı ortaq addımlarımız davam edəcək”,-İbrahim Kalın deyib.

Ərdoğanın sözçüsü əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün qurulan Minsk Qrupu və onun həmsədrləri indiyə kimi arzuedilən nəticə əldə edə, Qarabağın erməni işğalından qurtarılması yönündə heç bir fayda verməyib. Onun sözlərinə görə, Türkiyə münaqişə bölgəsində yaşanan son çatışmalarla bağlı lazım olan büütn xəbərdarlıqları edib.

İbrahim Kalın bildirib ki, Türkiyə Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanmasına üstünlük verir. “Lakin hər hansı hücum olarsa Türkiyə bütün imkan və qabiliyyətləri ilə Azərbaycanın yanında olmaqda heç bir tərəddüd göstərməyəcək. Danışıqlarıdan başqa yola əl atmağa biz heç vaxt üstünlük verməmişik. Kimsənin torpağında gözümüz yoxdur. Amma heç kimin bizim torpaqlarımıza göz dikməsinə də yol vermərik. Bu Türkiyə üçün də keçərlidir, Azərbaycan üçün də keçərlidir. Əgər Azərbaycan hər hansı hücuma məruz qalarsa Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olmaqda davam edəcək”,-Kalın deyib.

Ərdoğanın sözçüsü iki gün əvvəl başa çatan Azərbaycan-Türkiyə hərbi təlimlərinin üçüncü tərəfi hədəf almadığını deyib. Onun sözlərinə görə, son zamanlarda Ermənistanın təcavüzkar addımları qarşısında Azərbaycanın tədbirlər görməsi onun beynəlxalq hüquqdan qaynaqlanan təbii haqqıdır. “Türkiyə də Azərbaycanı hər platformada sonuna qədər dəstəkləyəcək”,-Kalın bildirib.

0
Virtualaz.org