Dünən Prezident İlham Əliyev Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının son vaxtlar intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu telefon zəngi zamanı Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırıb.
Həmçinin, ölkə başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Ermənistana silah göndərilməsi status-kvonu möhkəmləndirmək deməkdir:
“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövlətindən biri kimi münaqişə ilə bağlı üzərinə götürdüyü öhdəliyə ciddi yanaşmalı, beynəlxalq hüququ pozan və bütün dünya, eyni zamanda aparıcı beynəlxalq təşkilatlar tərəfindən münaqişədə işğalçı tərəf kimi tanınan Ermənistanı təcavüz və təxribat siyasətindən çəkindirməli olduğu halda, bunun əksini edir, işğalçıya dəstək verir. Ermənistana silah göndərilməsi işğalçını dəstəkləmək, münaqişənin həllinə imkan verməmək və mövcud status kvonu möhkəmləndirmək deməkdir.
Subliminal mesaj bundan ibarətdir ki, rəsmi Bakı bölgədə baş verənlərin fərqindədir və əgər Rusiya münaqişə ilə bağlı öz mövqeyində qətidirsə, o zaman Azərbaycan bundan nəticələr çıxaracaq. Elə son zamanlar Azərbaycanın hərbi-siyasi konfiqurasiya ilə bağlı müəyyən dəyişiklikləri də buna nümunədir”.
Politoloq əlavə edib ki, Rusiyanın Ermənistanı pulsuz silahlandırmağa davam etməsi bir daha ATƏT-in Minsk Qrupu ilə bağlı düşünməyə vadar edir:
“Üzvləri münaqişəyə ikili standartlarla yanaşan, işğalçını silahlandırmaq kimi nonsens addım atan dövlətlərin olduğu qrupdan hansı ədalət gözləmək olar? Hər üç həmsədr ölkə ermənipərəst siyasət yeridir. Bir həmsədr ölkə işğalçı Ermənistanı silahlandırır, o biriləri siyasi dəstək verir. Deməli, həmsədr ölkələr obyektiv mövqe sərgiləmir. Bu isə Minsk Qrupunun buraxılmasını zəruri edir.
Bu münaqişə ilə bağlı daha ədalətli mövqe nümayiş etdirən, işğalçını öz adı ilə çağıran Türkiyə niyə Minsk Qrupunda olmasın?”.
Z. Məmmədov Prezident İlham Əliyevin növbəti dəfə hər kəsə əsas prinsipini göstərdiyini vurğulayıb:
“Prezident İlham Əliyev bir daha göstərdi ki, Qarabağ və işğal edilmiş torpaqlarla bağlı mövqeyi qətidir, prinsipialdır. Dövlət başçısının bu cür qəti mövqeyi dəfələrlə ən yüksək tribunalardan səsləndirilib. Ən son baş tutan Valday Forumu, Münhen Təhlükəsizlik Konfransı, Davos Forumu, Aşqabadda MDB dövlət və hökumət başçılarının toplantısı zamanında Prezident İlham Əliyevin işğalla bağlı sərt və qəti mövqeyi Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilməkdədir.
Özünü Azərbaycana dost və tərəfdaş dövlət adlandıranlar bunu əməldə sübut etməlidirlər. Rusiya və İran kimi qonşularımız Ermənistanla münasibətlərində işğal faktoruna diqqət yetirməlidir.
Çünki bölgədəki sabitlik və əmin-amanlıq üçün mehriban qonşuluq siyasəti vacibdir”.