Türkiyədən Ermənistana daha bir SƏRT MESAJ

SİYASƏT
13:41 / 17.08.2020
1228

Rəsmi Ankara Ermənistana qarşı daha bir sərt mesaj verib. Virtualaz.org xəbər verir ki, bu dəfə Türkiyə dövlətini qəzəbləndirən Ermənistan Xarici İşlər Nazirliyinin Şərqi Ağ dənizdə Yunanıstanla Türkiyə arasında neft-qaz kəşfiyyatı ilə bağlı yaranan gərginliyə burunu soxmasıdır. Hansı ki, rəsmi Yerevan bu regionda Türkiyənin hərəkətlərini qınayan bəyanatla çıxış edib.

Ermənistan XİN-in bəyanatına Türkiyə XİN dərhal sərt cavab verib. XİN-in rəsmi nümayəndəsi Hami Aksoy bəyan edib: “Birləşmiş Ərəb Əmirlikləri və Fransanın ardınca hər hansı dənizə çıxışı olmayan Ermənistanın da özünü bölgədə söz haqqı sahibi hesab etməsi Türkiyəyə qarşı qurulan məkrli ittifaqın miqyaslarını göz önünə sərir. Şərqi Ağ dəniz haqqında mövqe bildirməyə cəsarət göstərən Ermənistanın dünya coğrafiyası və özünün bu coğrafiyadakı yerinə dair kökündən yanıldığını nümayiş etdirir. Burada müzakirə mövzusu Sevan gölü yox, Şərqi Ağ dənizdir”.

Hami Aksoy əlavə edib ki, bundan əvvəl Ermənistan prezidenti Armen Sərkisyan Sevr anlaşmasının qüvvəsini itirmədiyi haqda təxribatçı bəyanatla çıxış edib. Bunun ardınca rəsmi Yerevanın Şərqi Ağ dənizlə əlaqəli mövqe bildirməsi həddini bilməməyin və məsuliyyətsizliyin daha bir nümunəsidir.

“Hər nə olursa olsun, Türkiyə Şərqi Ağ dənizdə özünün və Kipr türklərinin beynəlxalq hüquqdan qaynaqlanan hüquqlarını qətiyyətlə qorumaqda davam edəcək. Bunu əngəlləməyə heç bir şər ittifaqının gücü yetməz. Əksini düşünənlər deməli tarixdən dərs almayıblar. Bu münasibətlə bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduğumuzu da bir daha xatırlatmaq istərdik ”,-Türkiyə XİN-in rəsmi nümayəndəsi deyib.

0
Virtualaz.org