Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Ermənistan tərəfini buna görə narahat edir 

17:21 / 17.08.2020
936

“Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Ordumuzun yeni hərbi-texniki biliklər qazanmasına səbəb oldu”.

Bunu “MediaPost”a açıqlamasında “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri, tədqiqatçı Əkrəm Bəydəmirli deyib. 

Ə. Bəydəmirli bildirib ki, təlimlər nəticəsində Azərbaycan Ordusunun silahlanmasında olan müasir silah sistemlərinin tətbiqi üsulları təkmilləşdirilib. Onun sözlərinə görə, Ermənistan tərəfinin narahatlığına səbəb hər iki ölkənin təcrübə mübadiləsini uğurla davam etdirməsidir:

“Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş təlimlərinin birinci mərhələsi yekunlaşdı. Nəticədə Türkiyənin inkişaf etmiş hərb sistemindən Azərbaycan Ordusu yeni biliklər – təcrübə qazandı. Görünən odur ki, bu təlimlər Ermənistan tərəfinin ciddi narahatlığına səbəb olub. Onlar müxtəlif vasitələrlə eyni millətin iki nümayəndəsinə qarşı müxtəlif formada ittihamlar səsləndirirlər. Bu birliyi həzm edə bilmədiklərinə və qorxduqlarına görə, əlləri yalnız informativ təxribatlara çatır, müxtəlif məzmunlu xəbərlər paylaşmaqla hər iki ölkə cəmiyyətini qıcıqlandırmaq istəyirlər. Lakin deyə bilərik ki, qarşı tərəf öz istəyinə nail ola bilmədi, bütün təxribatları iflasa uğradı. Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin birinci mərhələsi uğurla yekunlaşdı”.

Onun fikrincə, hər iki ölkənin silahlı qüvvələri taktiki təlimlərlə yüksək nəticələr əldə edib:

“Tovuz təxribatından sonra Türkiyənin Azərbaycanın mövqeyini dəstəkləməsi, bütün hallarda onun yanında olduğunu deməsi təkcə hərbi əməkdaşlıqdan xəbər vermir. Çünki iki ölkənin dostluq və qardaşlıq məsələləri ilə bərabər, həm də regionun hərbi-iqtisadi baxımdan inkişaf edən əlaqələri və strateji layihələri var. Bu məsələlər davamlı olaraq, Türkiyə mətbuatında da yer alır. Hər dəfə bu layihələrin icrasının hər iki ölkə üçün prioritet olduğu vurğulanır. Bu isə yalnız bizi sevindirə bilər”. 

Qeyd edək ki, iyulun 29-dan Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə və illik plana uyğun olaraq ölkəmizdə hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə başlayan təlimlərin birinci mərhələsi uğurla başa çatıb. Avqustun 13-də Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi və qoşun növləri komandanları təlimlərin birinci mərhələsinin son epizodunu izləmək üçün təlim poliqonuna gəliblər.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.

0