Bu halda Bakı müharibə elan edəcək – Türk ekspert

SİYASƏT
10:13 / 18.08.2020
1150

Ötən həftə Türkiyə və Azərbaycan ordusunun Naxçıvan bölgəsində həyata keçirdiyi birgə təlim nəticəsində Ermənistanda ciddi bir qorxu meydana gəldi.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış türkiyəli ekspert Həsən Oqtay Dağlıq Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın Gəncəni vurmaq hədələri və ATƏT-in bu bəyanata heç bir reaksiya verməməsi haqda danışarkən deyib.

Ekspertin sözlərinə görə, Ermənistan tərəfi bu qorxunu aradan qaldırmaq üçün Gəncə açıqlamasını verib:
“Gəncəyə atılacaq bircə güllə Azərbaycanın Ermənistana müharibə elan etməsi üçün zəmin yaradar. Bu, qaçılmaz olaraq bölgədəki gərginliyi də artırar”, – deyə politoloq bildirib.

Politoloq ATƏT-in Arutyunyanın sayıqlamalarına reaksiya verməməsi haqda da danışıb:

“Hazırda dünyada müharibə riski və gözləntisi var. Ona görə də ATƏT-in Minsk Qrupu hadisələr barədə fikir bildirməkdə çox ehtiyatlı davranır. Keçən ay Ermənistanın Tovuz rayonu istiqamətində hücumu müharibə üçün tutarlı səbəb idi. Çünki mübahisəli bölgədən kənarda, yeni bir ərazidə Ermənistan Azərbaycan torpaqlarına hücum etdi. İndi rəsmi İrəvan öz uğursuzluqlarından diqqəti yayındırmaq üçün qondarma Qarabağ “rəhbərliyi” tərəfindən böhran yaratmağa cəhd edəcək”.

Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını xatırladan ekspert Arutyunyanın açıqlamasının əsl səbəbindən də danışıb:

“Hər halda Türkiyə istənilən halda və istənilən şərtdə Azərbaycanın yanındadır və olacaq. Ermənistana təsir göstərən güclər, məsələn, Fransa Türkiyənin diqqətini Şərqi Aralıq dənizindən yayındırmaq üçün Ermənistan-Azərbaycan müharibəsi başlatmağa cəhd edə bilər.

Buna görə də Azərbaycan çox diqqətli olmalıdır və baş verənləri dərhal BMT-nin nəzdində gündəmə gətirməli və Birləşmiş Millətlər Təşkilatını proseslərdə yaxından iştiraka çağırmalıdır.

Azərbaycan silahlı qüvvələri isə ayıq olmalıdır, çünki bu və buna bənzər təxribatların yaxın gələcəkdə baş verməsi ehtimalı çox böyükdür”.

0