“Həbsindən bir həftə əvvəl Eldar Həsənova dedim ki...” - MÜSAHİBƏ

SİYASƏT
10:20 / 20.08.2020
2641

HİT.Az Azərbaycan Respublikasının Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun “Yeni Müsavat”a verdiyi müsahibəni ixtisarla təqdim edir: 

- Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatdan sonra Xarici İşlər Nazirliyi ətrafında gedən müzakirələr hələ də davam edir. Uzun illərdir diplomatiya sahəsində olan şəxs kimi, bu barədə nə deyə bilərsiniz? Səfir olaraq baş verənlər sizə necə təsir edir, belə situasiyada hər hansı bir narahatlığınız varmı?

- Aparılan islahatlar məni də çox sevindirir. Mən neçə ildir, bu sahədə fəaliyyət göstərirəm. Bilirsiniz ki, Rusiyada çoxsaylı azərbaycanlılar var, eyni zamanda orada erməni lobbisi güclüdür. Orada işləyəndə daim mürəkkəb proseslərin iştirakçısı olmuşam, ermənilərlə lazımi qaydada mübarizə aparmışıq. Azərbaycan diasporu ilə məşğul olmuşam deyə, həyatda görüb-götürdüyüm, təcrübədən çıxartdığım nəticələr var. Əminəm ki, Azərbaycanda aparılan islahatlar bütün sahələrdə olduğu kimi, XİN-də də lazım idi və tam vaxtında həyata keçirilir. Bu, vətəninə, milli marağına bağlı olan, nə isə etmək, işləmək istəyən biz diplomatlar üçün çox sevindirici bir andır. 

Bizim çoxsaylı yaxşı diplomatlarımız da var, təəssüflər olsun ki, səriştəsiz diplomatlarımız da mövcuddur. Hansı təsadüflər nəticəsində gəlib XİN-ə düşüblər, bu, başqa məsələdir. Amma siz təsəvvür edin, biz səfirlər yanımıza göndərilən o diplomatlara görə hərdən elə əziyyət çəkirik ki... Diplomatlar 3-4 illik ezamiyyətə gəlirlər ki, səfirin rəhbərliyi altında səfirliyin fəaliyyətini təmin etsinlər. Nəticədə, belə diplomatlara görə səfirlər əziyyət çəkir, buna dözmək məcburiyyətində qalırlar. Çünki vaxtından əvvəl onların qaytarıldığı halda şantaj, şər-böhtan xarakterli yazı-pozu ilə məşğul olurlar. Əvvəllər isə bu hallara XİN tərəfindən birmənalı münasibət göstərilmirdi.

- Moldovadakı səfirliyimizdə vəziyyət necədir?

- Oktyabrda 4 il olacaq ki, mən burada səfir kimi fəaliyyət göstərirəm. Əksər yerlərdə olduğu kimi, burada da diaspor təşkilatımızın fəaliyyəti formal xarakter daşıyırdı və bir ailənin, bir qrup insanın marağına xidmət edirdi. Mən səfir kimi buraya gələndə diplomatlarımız tövsiyə etdilər ki, diaspor rəhbərinin mövqeyinə xidmət edərək razılaşmağa məcburuq. Əvvəlki səfir Namiq Əliyevin bu səbəbdən böyük problemləri olduğunu bildirdilər. Təsəvvür edirsinizmi? Amma aydın oldu ki, o, güclü diaspor təşkilatı deyil, sadəcə olaraq bir  neçə nəfərin marağını təmsil edir. 

15 il ərzində diaspor təşkilatının fəaliyyəti çox zəif olub. Moldovanın hakimiyyət dairələrində, ictimai-siyasi həyatında da azərbaycanlılar təmsil olunmayıb. Amma ermənilər bir çox sahələrdə təmsil olunub. Belə ki, parlamentdə və bələdiyyədə deputatları var, digər dövlət qurumlarında, o cümlədən hüquq-mühafizə orqanlarında, yəni prokurorlar, polislər, həmdə çoxsaylı jurnalistlər fəaliyyət göstərir. Habelə ermənilərin təsiri altında olan informasiya portalları var, məsələn Moldovada “Komsomolskaya pravda”. Onlar sistemli şəkildə fəaliyyət göstərirlər və ölkənin ictimai-siyasi həyatına təsir edə bilirlər, çox aktivdirlər. Həm də maraqlıdır ki, gəncləri də çox fəaldır, hakimiyyətdə təmsil olunublar. Bizimkilərsə bu sahələrdə təmsil olunmayıblar. Bu isə Moldovada yaşayan ziyalı azərbaycanlıların əsas iradlarından biridir ki, bizim azərbaycanlılar erməni icması ilə müqayisədə hakimiyyətdə təmsil olunmayıb, passiv həyat tərzi sürürlər.

- Sayları bizimkilərlə müqayisədə nə qədərdir?

- Bizdən azdırlar. Məsələn, deyirlər 5 min azərbaycanlı var. Amma mən ilk üç il ərzində diaspora tədbirlərində 20 nəfərdən çox azərbaycanlı görmədim.

- Bəs diasporumuzun bugünkü vəziyyəti necədir?

- Yaxşıdır. Təqribən bir il əvvəl buradakı azərbaycanlılar dedilər ki, 15 ildir diaspor təşkilatında seçki olmayıb, Şurada olan bəzi insanlar vəfat edib, kvorum belə yoxdur, ona görə də iclas keçirilməlidir. Moldova azərbaycanlıları ayağa qalxdılar ki, təşkilatımızı bizə qaytarsınlar. 4 ay ərzində səfirliyə çoxsaylı insanlar müraciət etdi ki, bizə kömək edin. Biz də əlimizdən gələn köməkliyi göstərdik. 

- Qüdsi bəy, Xarici İşlər naziri dəyişib, XİN-də islahatlara start verilib. Səfir olaraq yenilənən bu qurumdan nə gözləyirsiniz?

- XİN-dəki dəyişikliklər bizi sevindirir. XİN-də səriştəli və vətənpərvər diplomatlarımız çoxdur. Amma təəssüflər olsun ki, təsadüfi diplomatlar da var. Təsadüfi diplomatlar səfirliklərə düşdüyü halda, səfirliklər lazımi qaydada fəaliyyət göstərə bilmir. Çünki səfirin fəaliyyətini təmin edən onun əməkdaşlarıdır, XİN-dən gələnlərdir. Bu, çox vacib şərtlərdəndir. Biz bundan sonra gözləyirik ki, bizim Diplomatik Akademiyadan çoxlu gənclər XİN-ə qəbul olunacaqdır. Təsadüfi diplomatlar XİN-dən yavaş-yavaş uzaqlaşdırılacaq. Gözləyirik ki, yeni bir diplomatiya nəsli formalaşacaq və o diplomatlar cənab prezidentin xarici siyasətinin icrasını qaydasında aparacaqlar. Əminik ki, həmin diplomatlar düşmənlərimizə qarşı cənab prezident dediyi kimi, hücum diplomatiyasını həyata keçirəcəklər. Çünki hücum diplomatiyası bizə birmənalı şəkildə vacibdir, dünən də lazım idi, bu gün də lazımdır.

- Elmar Məmmədyarovla şəxsi tanışlığınız var idi?

- Var idi, təbii.

- Onun fəaliyyətini necə xarakterizə edərdiniz?

- Vallah, qiymət vermək mənə çətindir. O nazir olub, mən səfir. Amma mövcud durum mənə də əziyyət verirdi, bu, şərtdir.

- Hansısa formada etirazınızı çatdırmışdınız?

- Mən səfir təyin olunanda ilk növbədə, səfirliyin binasının utandırıcı olması, daha sonra səfirliyin təhlükəsizliyinin bərbad vəziyyəti ilə bağlı nəinki şifahi şəkildə, birbaşa nazirliyə rəsmi məktub da yazmışdım. Moldovada ilk səfir İsfəndiyar Vahabzadənin vaxtında səfirliyin inzibati binası alınıbdır, özü də real dəyərindən bir neçə dəfə baha. Təsəvvür edin ki, insanlar evlərinin  pəncərələrini açanda birbaşa bizim səfirliyin həyətinə daxil ola bilərdi. Düzdür, biz son iki il ərzində böyük dəyişikliklər apardıq və bu çatışmazlıqların aradan götürülməsini davam etdiririk.

- Serbiyadakı səfirimiz Eldar Həsənovun həbs olunması xəbərini necə qarşıladınız?

- Həbsindən bir həftə əvvəl Eldar Həsənovla telefonla danışmışdım. Axı, Ermənistana aparılan silah üç partiyada Moldovadan da gəlib keçmişdi. Eldar Həsənova müraciət etdim ki, ilkin məlumatları verin, biz burada araşdırma aparaq. O, silahların Moldovadan keçirildiyi barədə məlumatının olmadığını bildirdi. Baxmayaraq ki, əvvəlcə özü mənə zəng etmişdi ki, “sizdən də keçib, məlumatlı olasan”.

Bilirəm ki, Eldar Həsənovun Moldovada yaxın dostu iş adamı Vüqar Novruzovdur. Onları uzun illər dostluq münasibətləri bağlayır, Moldova Eldar Həsənov üçün Rumıniyada səfir olarkən ən sevimli yerlərdən biri olub.

0