"Lavrov bu açıqlaması ilə Ermənistanın təxribatçı olduğunu göstərdi" - ŞƏRH

SİYASƏT
15:40 / 22.08.2020
975

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 12-16 iyul tarixlərində Azərbaycan Ermənistan sərhədində baş verən münaqişənin atəşkəs haqqında 1994-cü il Sazişinin 2016-cı ilin aprel müharibəsindən sonra ikinci genişmiqyaslı pozuntu olduğunu bildirib. O, Ermənistanın Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhədyanı Nəzarət Keçid Məntəqəsini yenidən bərpa etmək qərarının gözlənilməz nəticələrlə qarşıdurmaya səbəb olduğunu deyib. Digər tərəfdən Lavrov Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovu Moskvaya dəvət edib.

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, Lavrov bu açıqlaması ilə gərginliyin əsas səbəbkarının Ermənistan olduğunu göstərmək istəyir:

“Çünki Ermənistanın qərarı belə nəticələrə gətirib çıxardı. Bu açıqlama Azərbaycan Xarici İşlər nazirinin Rusiya səfərinin fonunu təşkil edir. Əslində, Rusiya tərəfi bununla göstərmək istəyir ki, məhz Azərbaycan tərəfinin Ermənistanın addımlarına reaksiyası bu məsələyə gətirib çıxarıb. Dolayı yolla, Lavrov Ermənistanın təxribatını təsdiqlədi.

Digər tərəfdən Lavrov açıqlamasında bildirib ki, ermənilər hansısa köhnə nəzarət-keçid məntəqəsini bərpa etmək niyyətində olub. Nəzarət-keçid məntəqələri o vaxt qurulur ki, sərhəd ölkələr bununla bağlı xüsusi danışıqlar aparırlar. Xüsusi komissiya yaradılır və komissiyanın nəticəsində məntəqələr yaradılır. 

Biz Ermənistanla heç vaxt sərhəd məsələlərini müzakirə etməmişik. Heç vaxt Azərbaycanla Ermənistan arasında keçid məntəqəsi fəaliyyət göstərməyib. Sadəcə, sovet dövründə bir dövlətin tərkibində respublikalar arasında müəyyən yollar var idi. Həmin yollarda hər iki tərəfdən nəzarət-keçid məntəqəsi qurulmamışdı”. 

Ekspertin sözlərinə görə, C.Bayramovun Rusiyaya səfəri zamanı sərhəd-keçid məntəqəsinin bərpa etmək “cəhdi” və digər məsələlər müzakirə olunacaq:

“Rusiya Azərbaycan üçün strateji tərəfdaş sayılır. Rusiya region siyasətinə əhəmiyyətli təsiri olan bir ölkədir. Digər tərəfdən Minsk qrupunun həmsədri, bizim əhəmiyyətli iqtisadi tərəfdaşlarımızdan biridir. Bütün bu faktorları nəzərə alsaq, bu səfər də əhəmiyyətli olmalıdır. Lavrovun Bayramovu dəvət etməsi onu göstərir ki, Rusiya Azərbaycanla sıx münasibətlər qurmaqda maraqlıdır”.

Xatırladaq ki, Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 26-da Moskvaya səfər edəcək.

0