Azərbaycanın idarəetmə orqanlarında kadrların seçilməsi bundan sonra yeni meyarlar əsasında aparılacaq.
Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar və Saatlı rayonlarına yeni təyin olunmuş İcra Hakimiyyəti başçılarını qəbul edərkən idarəçilik sistemində həyata keçirilən islahatların əsas prinsiplərini elan edib. Təbii ki, bütün vəzifəli şəxslərin təyinatında onların bilik və bacarığı əsas şərt kimi götürülür. Lakin rəhbərlik etdiyi işin öhdəsindən gələ bilmək və cəmiyyətin etimadını qazanmaq üçün bəzən bu kifayət etmir. Yəni məmur savadlı, başçılıq etdiyi sahənin mütəxəssisis ola bilər.
Ancaq onun rüşvətə meylli, bürokrat, milli düşüncədən uzaq olması insanların hakimiyyət orqanına etimadının itməsinə gətirib çıxarır. Ona görə də hər bir xalqın arzuladığı və ya görəndə başqalarına nümunə çəkdiyi vicdanlı məmur obrazı var. Bu, etimadı qazanmaq üçün başlıca şərtlər vətənə, millətə və dövlətçiliyə bağlılıqdır. Əgər qeyd edilən amillər hər hansı vəzifəli şəxsin idarəçilik fəaliyyətində əsas yer tutursa, o zaman ən korrupsioner məmur belə, vicdanlı məmura çevrilə bilər. Ona görə də Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edən zaman həm dövlət başçısının həm də xalqın dəstəyini qazanmağın əsas prinsipləri kimi rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə, sadəlik, sahibkarlığın inkişafına dəstək, kadrların seçilməsində şəxsi sədaqət prinsipinin üstün tutulmamasını tapşırıb.
“Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz”-Azərbaycan Prezidenti belə deyib.
Qeyd edək ki, son vaxtlara qədər idarəetmə sistemində çalışan məmurların karyerası əsasən Sovet dövründə, yəni partiya və komsomol orqanlarında formalaşıb. Onların kadr keyfiyyətləri artıq müasir dövrün tələbləri ilə ayaqlaşa bilmir. Azərbaycanın dövlət müstəqilliyinin ilk mərhələsində ola bilsin ki, kadr çatışmazlığı səbəbindən hakimiyyət orqanlarında “partnomenklatura” sisteminin yetişdirdiyi insanlara tələbat olub. Ancaq həmin kadrlarda idarəçilik, ictimai nəzarətin təşkili bacarığı yüksək olsa da milli ruh və vətənpərvərlik hissi çatışmayıb. Artıq siyasi şəraitin dəyişməsi köhnə qvardiyanın öz yerini yeni texnokrat nəslə ötürməsini zəruri edir. Bu gün Azərbaycanda yeni gənc nəsil formalaşıb ki, yalnız onların bilik və bacarığından istifadə olunması idarəetmə sahəsindəki islahatları səmərəli alınmasını təmin edə bilər. Bu kateqoriyaya aid kadrlar xaricdə təhsil almış, “ASAN” idarəçiliyi öyrənmiş gənclərin sırasında çoxdur. Eyni zamanda isə milli ruhlu, vətənpərəvər kadr ehtiyatı təkcə bunlarla yekunlaşmır. Böyük kadr ehtiyatı bu gün siyasi partiyaların bazasında, bitərəflərin sırasında da çoxdur. Onların da potensialından istifadə edilə bilər ki, bu da ümumilikdə cəmiyyətimizin inkişafına, dövlət idarəçiliyinin yenilənməsinə töhfə olar.
Prezidentin çıxışı bir daha təsdiq edir ki, dövlət strukturlarında millətə və vətənə sədaqətli yeni siyasi nəslin gəlməsi zərurətə çevrilib. Dövlət başçısı bu istiqamətdə ilk təşəbbüsü göstərdi. Artıq məsuliyyət mahiyyəti millətə, vətənə və dövlətə qayğıdan ibarət olan bu konsepsiyanı həyata keçirməli olan məmurların üzərinə düşür. Bu gün Azərbaycanın dövlət müstəqilliyini hər şeydən üstün tutan, mili ruhda və milli dəyərlər əsasında tərbiyə almış kifayət qədər vətənpərvər insanlar var. “Partnomenklatura” sisteminin hakimiyyət orqanlarında aparıcı kürsüləri vaxtilə qəsb etməsi Azərbaycanın milli-azadlığı uğrunda mübarizə aparmış bilikli şəxslərin müxalifətə keçməsi və ya dövlət orqanlarına yaxın buraxılmamasına səbəb olub. Halbuki, bu gün konstruktiv müxalifətin və vətəndaş cəmiyyəti təşkilatlarının sıralarında heç bir maddi maraq güdmədən sadəcə, milli dövlətçiliyin inkişafına xidmət göstərmək istəyən yüzlərlə bacarıqlı kadr potensialı var. Onları hakimiyyətin daxilində “5-ci kolon”a çevrilmiş insanlardan fərqləndirən milli şüura sahib olması və millətə bağlılığıdırsa, gənc kadrlardan üstünlüyü daha güclü siyasi təcrübəyə və biliyə malik olmasıdır. Ona görə də bu gün Prezident İlham Əliyevin idarəçilik sistemində başlatdığı islahatların uğurlu alınması üçün yetərincə milli kadr bazası mövcuddur. Prezidentin etimadını doğrultmaq istəyən hər bir məmur bu potensialdan istifadə etməlidir.