Anar Əsədli
Əslində, bu gün baş verən son hadisələr toy qalmaqalından başlamayıb – hökumət üzvlərinin qəbul etdikləri qanunlara və qanunun aliliyinə sayğısızlığı, dövlət təfəkkürünün olmamasından irəli gələn addımların atılması haqlı olaraq vətəndaşın qəzəblənməsini şərtləndirib. Bu baş verənlər, sadəcə, indiyə qədər olanların sistematik yekunu idi. Bunu istənilən bir siyasi analitik uzun illər öncə də proqnozlaşdıra bilərdi. Görünən odur ki, cəmiyyətimiz illərlə yığılıb qalmış və günü-gündən artan kin və aqressiyanı əlinə fürsət düşən kimi püskürür.
Ölkənin ikinci adamı olmuş və hal-hazırda Akademiyaya rəhbərlik edən şəxsə qarşı son günlər siyasilərin mövqeyi, yazıları, fikirləri bəlkə də kampaniya səciyyəsi daşıyır, çünki prosesdə ənənəvi olaraq səmimi olmayan adamlar da iştirak edir.
Siyasətdə məsələlərin şəxs üzərindən yürüməsinin və qaralama kampaniyaçılığının qəti əleyhinə olsam da, Mehdiyev personasında məsələ fərqlidir. Bəzən bir şəxs özündə çökən bir sistemi təcəssüm etdirdiyindən bu mövzuda yazmaq məcburiyyətində qalırsan.
Həm də bu mövzuda ona görə bolluqdur ki, uzun müddətdir bu cəmiyyətə “sus” əmri verən adam özü linc olunur.
İllərdi məhz sizin xeyir-duanızla və birbaşa məsləhətinizlə təyin olunmuş məmurlar toxunulmazlıq qazandılar. Özlərinin və ailə üzvlərinin etdikləri özbaşınalıq, harınlıq minimum əmək haqqına məcbur qalmış insanların gözü qarşısında baş verirdi. Gördüklərindən və yaşadığı aşağı həyat səviyyəsindən hiddətlənən insanlar həm də susmaq məcburiyyətində qalanda içlərində yığılan şikayətlər kinə və aqressiyaya çevrilir.
Bu prosesin ideoloji “baba”sı isə Mehdiyev olduğu üçün fürsət və imkan düşən kimi, təbii ki, ən çox şiddət, qınaq obyekti də özü olur.
Müasir dünya şiddət və inqilabların qarşısı alınsın deyə, söz və fikir azadlığını əsas götürür, çünki söz boğulanda cəmiyyətdə bir gün şiddət sözün yerini alır. İkinci Dünya Savaşından sonra Almaniyanın siyasi həyatında çox mühüm rol oynamış kansler Helmut Kol hər il vəzifədə olduğu dövrdə məhz özünün çəkildiyi karikaturaların sərgisinə gəlir və xalqla bərabər tamaşa edirdi. Əlbəttə, heç kim karikaturasının çəkilməsin istəməz, amma alman kansleri yaxşı başa düşürdü ki, onun bütün qazandığı uğurlarla bərabər müəyyən qüsurları da var. Və o qüsurlara olan narazılıqlar gülüşlə üzə çıxsa, daha yaxşıdır, nəinki şiddətlə.
Tarix bizə demokratiya dərsi keçir, sovet ideoloji məktəbindən dərs alan “akademik”lər isə bu dərsi oxumaq istəmirlər. Demokratiyanın onlar üçün ikinci təhsil olaraq bir şans olduğunu başa düşmədilər…
Toy qalmaqalından sonra cəmiyyətdə həmişə aktual olan bir sual yenə gündəmə gəldi: niyə bu həqiqətləri indiyə qədər demirdiniz?
Siz eşitmək istəmədiyiniz tənqidlər həmişə səslənib, lakin bugünki qədər açıq səslənməsinin qarşısı alınırdı. Basqı etdiyiniz müstəqil media boğulduğundan bunu tam aşkar səsləndirmək mümkün deyildi və indiyə qədər danışanların əksəriyyətinin özü, azadlığı və hətta ailə üzvləri təhlükə altına düşdüyündən bu gün ürəklə tənqid edirlər.
Bəlkə də bu tənqidlərin çoxu kampaniya səciyyəsi daşıyır, ancaq bu xətti də elə cənab “boz kardinal” özü müəyyən etmişdir.
Vurulanı dərhal baltalamaq, cəmiyyətdə iflic etmək, insanları linc etmək, jantaj, şiddət kimi strateji xəttin banisi özü qazdığı quyuya özü düşdü.
Axı necə olur ki, sizlər etdikləriniz zülmün, qanunsuzluqların, ölkə müxalifətinin iflic vəziyyətə salınmasının, rüşvətlə yüksək ranqlı məmurların təyinatı və onun ardınca həmin məmurların xalqı talamasının və başqa cinayətlərin cəzasız ötüşəcəyəni düşünürdünüz?
Əgər siz vaxtınızı intriqalardan ayırıb akademik saata həsr etsəydiniz, görərdiniz ki, tarixdə cəzasız cinayətlər yoxdur. Bəlkə də ağlınızın ucundan da keçməzdi ki, oyunun piyadaları kimi baxdığınız və istədiyiniz an asanlıqla yerlərini dəyişdirdiyiniz bu “məmurcuqlar” sizi satacaqlar. Ən əsası, adi bir toy qalmaqalında belə, “kişilik” göstərə bilməyəcəklər.
Bu gün təhdid və şantaj, lakin eyni zamanda da, şikayət dolu açıqlamalar gəlir akademiya saytından. Siz hər bir insan kimi hiddətlənə bilərsiniz, amma Azərbaycan elminin başında duran bir alim kimi özünüzə və tutduğunuz vəzifəyə necə sığışdırırsınız ki, akademik saytdan açıq mətnlə şiddət və təhdid yağdırasınız.
Məgər siz qul və nökərlərinizi vəzifələrə qaldıranda, peşə biliyinə, vəzifə bacarığına, insani keyfiyyətinə və ictimai əxlaqına söykənirdiniz?
“Hər kəsin bir qiyməti vardır” deyib, müxalifət sıralarını zəiflətdiniz. Bütün maddi resursları əlindən alınan müxalif siyasi fəallar dilemma qarşısında qalırdı: ya Mehdiyevlə işləyərək əqidəni sataraq maddi cəhətdən ayaqda durmaq, ya da təmiz, zəif vəziyyətdə duruş gətirməyə cəhd göstərmək. Həbsxanaları siyasi məhbuslarla dolduranda yerinizi və ya yaxın qohumlarınızı onların yanında görürdünüzmü? Yəqin ki, yox. Düşünürdünüz ki, yaratdığınız yırtıcı ordusu sizi qoruyacaq. Halbuki gəmidən qaçan ilk onlar oldu.
Tarixdən dərs ala bilməməyiniz bu proseslərdə həm də sizin bir alim kimi mahiyyətinizi darmadağın etdi. Ən azından sizi yetişdirən SSRİ tarixini yaxşı bilmədiyiniz bəlli oldu. Sovetin 37-ci il repressiyalarının qanlı qılıncı, Stalindən sonra SSRİ-nin 2-ci adamı olan Beriya haqqında heçmi oxumadınız və ya filmlərə baxmadınız? Bircə epizodu öyrənməli idiniz – Xalqa qan udduran Beriyanı xalq güllələmədi, Beriyanı xidmət etdiyi sovetlər və əqidə yoldaşları güllələdi. Çünki zamanı dolmuşdu. Güman ki, bütün avtoritarlar kimi, eynən siz etdiyiniz kimi sonda Beriya da qanunun aliliyindən, cinayət məcəllələrindən və ən əsası, Femidanın ədalətindən və ayrıseçkiliyin yolverilməz olduğundan bəhs edirmiş.
Ayrıseçkiliyi gətirənlər, qanuna tüpürüb “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə yaşayanlar quyruq qapıda qalanda nəinki ədaləti çağırırlar, ilahi varlıqlarla “ünsiyyət” belə qururlar…
Həqiqətən siz Beriyalardan dərs ala bilsəydiniz, bilməliydiniz ki, satın aldığınız o məmurcuqlar zamanı gələndə sizə hüquqi deyil, mənəvi zərbə vuracaqlar. Kimliyindən asılı olmayaraq diktator, ya avtoritar, fərqi yoxdur – xəyanətə uğramaq insani olaraq acılı və ağrılı prosesdir.
Amma sanballı yaşınızda bütün etdiklərinizə rəğman demokratiyaya keçid məsələsində tarixdən dərs alaraq yardımçı ola bilsəydiniz, 9 fevralda önünü kəsdiyiniz və xalqdan səs almalarına baxmayaraq parlamentə düşməyinə mane olduğunuz şəxslər fərqli davranacaqdılar. Demokratlar etdiyiniz cinayətlərə görə yalnız hüquq müstəvisində cəzalanmanızı tələb edəcəkdilər. Demokratik prinsiplərlə yaşayan insanlar heç vaxt şəxsi və qərəzli, ədalətsiz mövqe tutmurlar. Qanunun aliliyinə hər zaman sayğı göstərirlər. Məsələni ailə və məişət üzərindən aparmırlar. Mal və can güvənliyinə toxunmurlar. Bax demokratiya budur, cənab Mehdiyev…
Demokratiyanın mahiyyətindən xəbərsiz olanlar isə dünən sağlığınıza badə qaldırmış xırda adamlar idi. Və bu gün mütləq öz xırda mahiyyətini ortaya qoyacaqdılar. Əslində, sizə mesaj verildi, biz xırda adamıq – bizə güvənməyin.
Sizin birbaşa əlinizlə təyin olunan və xırda adamlar silsiləsini təşkil edən icra başçılarının təlimatı ilə müəllimlərin alt paltarından çıxan bülletenlərlə parlamentə düşən xırda deputatlar vaxtı gələndə sizi qurşaqdan aşağı vuracaqdı və vurdu. Nə əkərsən, onu da biçərsən.
Dünyanın ən böyük diktatoru və sizdən fərqli olaraq, dövləti üçün böyük işlər görmüş Sezarı yanındakı Brut öldürdü. Brut xəyanətkar idimi və ya demokratiyaya imkan verməyən Sezarı öldürməklə demokratiya xilaskarı idimi? Fikirlər və yanaşmalar müxtəlif olsa da, fakt odur ki, Brut tarixdə xəyanət simvolu kimi qaldı. Çünki arxadan bıçaqlamaq həmişə alçaqlıqdır.
Amma bu bıçaqlar demokratiya naminə vurulacaqsa, biz nədən demokratiyanın önünü kəsəni müdafiə etməliyik? Əlbəttə ki, demokratiyaya aparan yolda bütün maneələr aradan qalxmalıdı. Və biz Brutları izləyərkən sizlərə acı-acı gülürük.
Ona görə acı-acı gülürük ki, çağımızda demokratiyanın önün kəsmək mümkün deyildir. Günlərdir Belarus xalqı üsyan edir. Lukaşenko ya gec, ya da tez getməlidir. O xalqının üstünə silahla yeriyir. Onun sonu bəllidir – demokratiya qalib gələcək. Avropanın ortasında diktatura adası yolverilməzdir. Kilometrlərlə uzanan dəstək zəncirini qurmuş Baltik ölkələrinin vətəndaşları şəxsən Batkaya qarşı deyillər, diktaturaya qarşıdırlar.
Dünyanın hər yerində, bizdə də, biz də!
Dövran demokratiyanı seçir. Boz kardinalların vəziyyəti ağırlaşır.
Ya gedəcəklər, ya da gedəcəklər!
Ya öz xoşuna, ya da bax belə – toy tələsinə düşərək.
Durum acınacaqlıdır, amma ibrət götürüləsidir. Lakin unutmayın sizi toy yıxmadı, əməlləriniz yıxdı.
Mənim 41 yaşım var, sizin 82.
Aramızdakı yaş fərqi 41 ildir. Aramızdakı yaş fərqindən çox iş təcrübəniz var. Lakin mən sizə tarixdən demokratiya dərsi keçmək məcburiyyətindəyəm.
Cənab Mehdiyev bu yazı sizin şəxsinizə qarşı deyil – yazının əvvəlində də vurğuladım ki, şəxsi-qərəzliyin qəti əleyhinəyəm. Sizin mənə bir insan kimi şəxsən pisliyiniz, ya yaxşılığınız keçməyib. Hətta keçsə belə, məişət mövzularını ictimailəşdirmək qurşaqdan aşağı vurulan zərbədir.
Lakin Sizin bu günkü görünüşünüz fiziki olmasa da, siyasi baxımdan demokratiya bulağının başında oturan əjdahaya bənzəyir. Demokratiya suyunu içmək istəyən öncə sizinlə döyüşməlidir. Amma torpaq ayağınız altından asta-asta sürüşür. Bunu siz də qəbul etməlisiniz.
Yazının əsl ünvanı Azərbaycan cəmiyyətidir.
Cəmiyyət özünə və öz gücünə inanmalıdır. Demokratikləşmə hər təbəqənin içindən keçərək cəmiyyətdə yer almalıdır.
Yıxılmayan diktator yoxdur. Sadəcə geci-tezi vardır. Bu həqiqətə bütün vətəndaşlarımız həm də sizin örnəyinizdə inanmalıdır.
Yaşasın hər zaman demokratiya!